“Barselona” Messini qaytarmaq üçün MLS klubu ilə ittifaqa girdi

İspaniya çempionu “BarselonaPSJ-nin ulduz hücumçusu Lionel Messini Kataloniyaya qaytarmaq üçün dəridən-qabıqdan çıxır.

Arena.az “L’Equipe”ə istinadən xəbər verir ki, müqavilə müddəti cari mövsümün bitməsi ilə başa çatacaq Messini əldə etmək üçün “Barselona”nın maliyyə imkanları məhdud olsa da, klub buna həll tapıb.

Mənbədən alınmış məlumata görə “Barselona” bu arzusunu gerçəkləşdirmək üçün MLS klubu “İnter Mayami” ilə ittifaqa girmək fikrindədir. Plan bundan ibarətdir ki, Messi amerikan klubunun oyunçusu olacaq. Ancaq amerikalılar Messini “Barselona”ya bir illik icarəyə göndərəcəklər.

Xatırladaq ki, “İnter Mayami”nin sahiblərindən biri “Mançester Yunayted”in keçmiş ulduzu Devid Bekhemdir.

Yeri gəlmişkən, “Barselona” artıq sabiq hücumçusuna 2023-cü ilin yayında Kataloniya klubuna qayıtmaq üçün qeyri-rəsmi təklif ünvanlayıb. Jurnalist Ramon Martanın yazdığına görə, kataloniyalılar sabiq hücumçusuna vergilərin ödənilməsindən sonra 12-13 milyon avro məbləğində əməkhaqqı təklif ediblər. Və bu, Messini qane edib.

Bir müddət əvvəl bildirilirdi ki, PSJ-də Messi vergilərin ödənilməsindən sonra ildə 29 milyon avro əməkhaqqı alır. Messi “Barselona”nın təklifini qəbul edərsə, onun maaşı 16 milyon avro azalacaq.

Daha bir məlumata görə, Sudiyyə Ərəbistanının “Əl-Hilal” klubu Messiyə mövsümü 400 milyon avro məbləğində əməkhaqqı təklif edib. Futbolçunun atası ərəblərdən aldıqları təklifləri bəyənsə də, Messi özü Avropada qalmaqda maraqlıdır.

Jurnalist Matteo Morettonun yazdığına görə, Messi özü “Barselona”ya qayıtmağa hazırdır. Kataloniyalılarla müqavilə ərəfəsində Messi kluba iki xahiş ünvanlayıb.

Mənbənin məlumatına əsasən, Messi “Barselona”dan qarşıdakı on gün ərzində La Liqa qarşısında özünün komandaya qayıdışının həyati əhəmiyyətli olduğunu təsdiq etmək barədə xahiş edib.

İkinci xahiş isə 10 nömrəli köynəyin özünə qaytarılmasıdır. Hazırda “Barselona”da 10 nömrəni Ansu Fati daşıyır. İspan hücumçu bu nömrəni məhz Messinin gedişi ilə 2021-ci ildə əyninə keçirib.

Messinin PSJ ilə müqaviləsi cari ilin yayında başa çatır və argentinalı ulduz “Barselona”ya azad agent kimi qayıda bilər. O, 2000-ci ildən 2021-ci ilə qədər məhz Katalonuya təmsilçisində forma geyinib – 778 oyun, 672 qol, 303 assist və çoxsaylı titullar…