İspaniya La Liqasının rəhbərliyi gələn həftə “Barselona”nın təqdim etdiyi iqtisadi plana dair qərarını açıqlayacaq.
Arena.az müvafiq rəsmi mənbədən alınmış məlumat əsasında xəbər verir ki, dünən Madriddə klubun iqtisadi şöbəsinin rəhbərləri ilə La Liqa rəsmiləri arasında görüş baş tutub.
Kataloniya klubu iqtisadi sabitliyə dair təqdim etdiyi planının mümkün qədər tez təsdiq edilməsi üçün çalışır. Bu, öz növbəsində kataloniyalılara bəzi futbolçuların müqaviləsini qeydiyyatdan keçirməyə və yeni futbolçularla müqavilə imzalamağa imkan verəcək.
“Barselona” təmsilçiləri görüşü xoş əhvali-ruhiyyədə tərk ediblər. Gözlənilir ki, La Liqa rəhbərliyi bu klubun iqtisadi planına dair cari həftənin sonuna qədər qərar qəbul edəcək.
La Liqadan təsdiq alacağı halda “Barselona” Ronald Arauxo və Qavini qeydiyyata salmaq, həmçinin təxirəsalınmadan PSJ-nin hücumçusu Lionel Messinin transferi üzərində işləmək niyyətindədir. Argentinalı ulduz “Barselona” üçün prioritet məsələdir ki, klub yay transfer pəncərəsində buna nail olmağa çalışacaq. Bu, Kataloniya klubu üçün həm idmani və həm də iqtisadi nöqteyi-nəzərdən səmərəli transferdir.
Messiyə gəlincə, ulduz hücumçu da öz gələcəyi haqda sualı tezliklə çözmək istəyindədir. Hələlik kataloniyalıların məlum səbəblərdən rəsmi təklif ünvanlaya bilmədiyi məqamda, argentinalıya Səudiyyə Ərəbistanı və İngiltərə Premyer Liqasından cəlbedici təkliflər gəlib.
Lionel Messi cari mövsümdə PSJ-nin heyətində 40 oyuna çıxıb. O, bu oyunlarda 21 qol vurub, 20 məhsuldar ötürmə verməklə komandasının Fransa çempionluğunu qazanmasında böyük pay sahibi olub.