Kataloniya nəhəngi “Barselona” klubun rüşvətxorluqda ittiham edildiyi “Neqreyra işi”nə dair rəsmi bəyanat yayıb.
Arena.az bu barədə İspaniya klubunun rəsmi saytına istinadən məlumat verir.
Xatıraladaq ki, “Barselona”nın İspaniya Kral Futbol Federasiyasının (RFEF) Hakimlər Komitəsinin sabiq vitse-prezidenti Xose Neqreyraya etdiyi ödənişlər rüşvət olaraq dəyərləndirilir.
Klubun rəsmi bəyanatında deyilir:
“Barselona” sizə xatırlatmaq istərdi ki, istintaq dövründə təşkilatı mümkün səhv idarəetmə cinayətindən qorumaq üçün “Neqreyra işi” kimi tanınan prosedurda xüsusi ittihamçı kimi çıxış edir.
Klub, təşkilatın heç bir idmani korrupsiya cinayətinin olmadığına inandığını nəzərə alaraq, üçüncü tərəflərə ödənişlərlə bağlı mövqeyini bildirmək üçün əvvəldən bunu etməyi seçib.
“Barsa” uzun illərdir hakimlər və oyunçularla bağlı ona texniki məsləhətlər verildiyini təkrarlayır. Klubda onların varlığını və gerçəkliyini sübut edən materiallar var. Bütün bu materiallar peşəkar futbol komandalarının oyunlarına hazırlığın yaxşılaşdırılmasına yönəlib, xidmətləri təqdim etmiş şirkətlərin haqqı ödənilib. Qorunub saxlanılmış materialların bir qismi bu yaxınlarda araşdırma aparan məhkəməyə təhvil verilib.
Prezident Laportanın rəhbərliyi altında ödənişlər üçüncü şəxslərə və ya şirkətlərə deyil, həmişə bu xidmətlərə cavabdeh olan şirkətə edilib.
Biz, dünən elan edilmiş qərarda prezident Joan Laportanın etikasını şübhə altına alan fikirlər və dəyərləndirici mühakimələrin olmasından təəssüflənirik, çünki:
1) prosesdə iştirak edən və barəsində istintaq aparılan hazırkı prezidenti deyil, “Barselona” Futbol Klubudur;
2) klubun bu prosesdə müdafiə hüququ vardır;
3) klub həm də zərərçəkmiş tərəf ola bilər.
Üstəlik, xatırlamaq yerinə düşər ki, məsələ araşdırılma mərhələsindədir, qərarda yer almış şəxsi mülahizələr isə ictimai rəydə çaşqınlıqdan başqa bir şeyə səbəb olmayıb. Bu da təbii ki, istəmədən klubun və prezidentin simasına ciddi zərbə vurub.
Hər halda, prezidentinin rəhbərlik etdiyi klub bundan sonra da hüquqşünaslar vasitəsilə qurumun qanuni maraqlarını qoruyacaq.
Nəhayət, bir daha vurğulayırıq ki, rəhbərliyin fəaliyyətinə təsir göstərmək cəhdləri təsadüfi deyil. “Barselona” hələ də heç tanınmayan müəyyən faktlara əsaslanmış institusional diskreditasiya tədbiri olan xarici hücumlara məruz qalmağa davam edir. Tədbir klubun bütün sahələrdə: idman, iqtisadi və sosial sahədə sabitliyini pozmağa yönəlib”.


