“Barselona” növbəti ABŞ turu haqda rəsmi bəyanat yaydı

Kataloniya nəhəngi “Barselona” 2024-cü ilin yayında ABŞ-a üçüncü səfərinə yollanacağı haqda rəsmi bəyanat yayıb.

Arena.az bu barədə “Sports.es” dərgisinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, Kataloniya klubu iyulun 28-də ABŞ-a yollanacaq və üç şəhərdə yoldaşlıq oyunları keçirəcək: Orlando, Nyu-Cersi və Baltimor.

İspaniya çempionunun rəqibləri müvafiq olaraq “Mançester Siti” (30 iyul), “Real” (3 avqust) və “Milan” (6 avqust) olacaq.

Həmçinin vurğulanır ki, səfərin məqsədi təkcə pul qazancı deyil, həm də “Barselona”nın Amerika bazarında təsirini genişləndirmək üçün müxtəlif sosial tədbirlər keçirməkdir.

Keçən il “Barselona”nın turu Los-Anceles, Las Veqas və Dallas şəhərlərindən keçib.

Hazırda isə kataloniyalılar diqqətlə cari mövsümə kökləniblər.