“Barselona” yayda komandanın bir neçə futbolçusunu ümumilikdə 200 milyon avro məbləğə satmaq niyyətindədir.
Arena.az bu barədə “Footmercato” dərgisinə istinadən məlumat verir.
İddiaya görə, Kataloniya nəhənginin bu tədbiri klubun maliyyə vəziyyətini tarazlamağa yönəlmiş addımdır.
“Barsa” ilk növbədə braziliyalı sağ vingeri Rafinyaya görə Səudiyyə Ərəbistanı nəhəngi “Əl-Hilal”ın təklifini nəzərdən keçirir. “Əl-Hilal” Rafinyanın transferi müqabilində 100 milyon avro ödəməyə hazırdır.
Vurğulanır ki, Rafinya özü İspaniya klubundan ayrılmaq istəmir.
Həmçinin “Barselona”nın yollarını ayırmaq niyyətində olduğu futbolçular siyahısında mərkəz müdafiəçiləri – fransalı Jül Kunde və danimarkalı Andreas Kristensen var. Kataloniya klubunun İngiltərə Premyer Liqası təmsilçsi “Brayton”da icarə əsasında çıxış edən ispaniyalı sol vingeri Ansu Fati ilə də ayrılmağa hazır olduğu bildirilir. Amma çox güman ki, “Barsa” Fatini daha bir mövsüm “qağayılar”ın düşərgəsində icarədə saxlayacaq.
Bundan əlavə, “blauqrana” keçmiş oyunçusu, hazırda isə “Nitsa”da çıxış edə mərkəz müdafiəçisi Jan-Kler Todibonun transferinə ümid edir. Belə ki, bu halda kataloniyalılar Todibonun satış məbləğinin 25%-ni əldə edə biləcəklər.
Nüfuzlu “Transfermarkt” internet-portalının məlumatına görə, siyahıya alınmış “Barselona” oyunçularının ümumi transfer dəyəri 170 milyon avro məbləğində təxmin edilir. Gerçək sövdələşmələr zamanı bu məbləğin 200 milyon avronu aşa biləcəyi ehtimalı da vurğulanır.
Ötən mövsüm İspaniya çempionu olmuş “Barsa”nın cari mövsümdəki işləri o qədər də yaxşı getmir. Məsələ burasındadır ki, komanda 29 oyuna topladığı 64 xalla La Liqanın turnir cədvəlində 2-ci pillədə qərarlaşıb. Kataloniyalılar lider “Real”dan 8 xal geri qalırlar.