“Barselona” Qvardiolanın ÇL-dəki qələbəsinə biganə qalmadı

Barselona” sabiq baş məşqçisi Xosep Qvardiolanın yenidən Çempionlar Liqasını qazanmasına münasibət bildirib.

Arena.az xəbər verir ki, Xosep Qvardiolanın rəhbərlik etdiyi “Mançester Siti”nin Çempionlar Liqasının finalında “İnter” üzərində qələbəsindən (1:0) sonra, Kataloniya klubu sosial şəbəkə hesabında sabiq baş məşqçisi haqda qısa yazı ilə diqqət çəkib: “Bir dəfə çempion – əbədi çempion”. İspaniya nəhəngi yazıya Qvardiolanın kataloniyalılarla 2008/2009 mövsümündə qazandığı Çempionlar Liqasının kuboku ilə təsvir edilmiş şəklini əlavə edib.

Xatırladaq ki, “İnter”i minimal hesabla məğlub etmiş “Mançester Siti” tarixində ilk dəfə Çempionlar Liqasının qalibi olub. Qvardiola isə 2011-ci ildən bu yana ilk dəfə qitənin ən nüfuzlu turnirində yenidən qalib olmağı bacarıb. Pep bu qələbə ilə həm də “trebl”ə imza atıb: Premyer Liqanı, İngiltərə Federasiya Kubokunu və Çempionlar Liqasını qazanıb. Beləliklə də Pep, Ser Aleks Ferqyusonun rəhbərlik etdiyi “Mançester Yunayted”in 1999-cu ildəki rekordunu təkrarlayıb. Bunula yanaşı, Pep ikinci “trebl”ə nail olmuş, həm də bunu iki fərqli komanda ilə etmiş ilk məşqçi kimi tarixə düşüb.

Xosep Qvardiola üçün bu kubok məşqçilik karyerasında qazandığı 35-ci qənimətdir. 52 yaşlı ispan mütəxəssis “Barselona” ilə 14, “Bayern”lə 7 titul qazanıb və “Mançester Siti” ilə də 14-cü kubokunu Çempionlar Liqasındakı bu qələbə sayəsində əldə edib.

Xəbəri sosial şəbəkələrdə paylaş: