“Barselona” üçün əngəl qalmadı – Messiyə təklif irəli sürməyə

İspaniya La Liqasının rəhbərliyi “Barselona” komandasının qarşıdakı 2023/2024 mövsümü üçün maliyyə planını təsdiqləyib.

Arena.az xəbər verir ki, bu barədə məsələni diqqətdə saxlayan jurnalistlər Jerar RomeroMatteo Moretto məlumat yayıblar.

Onların yazdığına görə, La Liqa təmsilçiləri bir qədər əvvəl başa çatmış iclasda kataloniyalıların növbəti mövsüm üçün maliyyə planını təsdiqləyiblər. Yaxın saatlarda klubun vəziyyətlə bağlı rəsmi açıqlama verəcəyi gözlənilir.

Bu arada “Mundo Deportivo” bildirir ki, təsdiq Kataloniya klubunun rəhbərliyinin nəzərdə tutduğundan daha uzun çəkib. Buna rəğmən, indi “blauqrana” bir müddət əvvəl PSJ ilə yollarını ayırmış argentinalı ulduz hücumçusu Lionel Messini komandaya qaytarmaq üçün rəsmi təkliflə futbolçuya müraciət ünvanlara bilər.

Bundan əlavə, La Liqa tərəfindən “Barselona”nın maliyyə planının dəstəklənməsi kluba bəzi oyunçular, xüsusən də Qavi və Ronald Arauxo üçün yeni müqavilələri qeydiyyata almağa imkan verir.

Klubun maliyyə planına xərclərə nəzarət də daxildir. Həmçinin maaşların azaldılması və oyunçuların satışı ilə bağlı ideyalar da planda yer alıb.