Futbol üzrə İspaniya çempionu “Barselona” noyabrın ilk həftəsindən etibarən “blauqrana”nın doğma stadionu “Kamp Nou”ya qayıdacaq.
Arena.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Belə ki, noyabrın 7-də bu arenada futbolçuların açıq məşqi baş tutacaq. Hazırlıq prosesini təxminən 23 min tamaşaçının izləyəcəyi gözlənilir. Komandanın növbəti ev oyunlarını da məhz bu arenada keçirməsi gözlənilir.
Xatırladaq ki, Kataloniya nəhəngi sonuncu dəfə 2022/2023-cü illər mövsümündə bu arenada oynayıb. Daha sonra stadionda yenidənqurma işləri başlayıb.
“Kamp Nou”dakı bərpa-yenidənqurma işləri stadionun tutumunun 105 min nəfərə (oturacaqların sayı) qədər artırılmasını nəzərədə tutub. İnşaat işləri 2023-cü ilin iyun ayında başlayıb. O vaxtdan bəri Kataloniya klubunun rəhbərliyi “blauqrana”nın doğma stadiona qayıdış tarixini dörd dəfə köçürüb təxirə salmalı olub.
Əlavə edək ki, “Barselona” 2024/2025-ci illər mövsümünün İspaniya Super Kubokunu, İspaniya Kral Kubokunu və İspaniya La Liqasını qazanıb.


 
                     
                     
                    













































