“Barselona” Xavinin təzminatdan imtina edəcəyinə ümidlidir

“Barselona” baş məşqçisi Xavinin istefaya göndərilməsi müqabilində ispan mütəxəssisə 15 milyon avro məbləğində təzminat borcludur.

Arena.az bu barədə AS dərgisinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, Xavi bu məbləğin yalnız yarısını alacaq, qalan yarısı isə “Barselona”nın heyətinə ödəniləcək.

Vurğulanır ki, “Barselona”nın ağır maliyyə vəziyyəti səbəbindən, indi klub rəhbərliyi hörmətsizcə qovduğu ispan mütəxəssisin öz payının yarısından imtina edəcəyini gözləyir. Bu halda “blauqrana” Xaviyə yalnız 7,5 milyon avro məbləğində ödəniş etməli olacaq.

Xatırladaq ki, “Barselona” Xavi Ernandesin qovulduğunu dünən, mayın 24-də açıqlayıb.

İspaniya mətbuatı bu məsələdə pərdəarxası məqamların olduğunu istisna etmir.

“Barselona” Xavinin məşqçilik karyerasında ilk nəhəng komanda olub. Buna qədər ispan mütəxəssis Qətərin “Əl-Sədd” komandasını çalışdırıb və komandasına Qətərin yerli əhəmiyyətli bütün qənimətlərini qazandırmağı bacarıb.
“Barselona” Xavinin rəhbərliyi altında ümumilikdə 141 oyun keçirib. “Blauqrana” bu oyunlarda 89 qələbə qazanıb, 23 heç-heçə edib və 29 məğlubiyyətə üzülüb. “Blauqrana”nın top fərqi isə 277:157 nisbətindədir.

2022/2023-cü illər mövsümündə mütəxəssis “Barselona”ya İspaniya La Liqasını və İspaniya Super Kubokunu qazandırıb. Futbol ölçüləri ilə gənc sayıla biləcək mütəxəssisin 24 ili məhz “Barselona”da keçib. Xavi futbolçu kimi 17 il Kataloniya klubunun əsas komandasında çıxış edib.

Hazırda Xavinin “Barselona”sı İspaniya La Liqasının 37 turundan sonra 82 xalla yarış cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Komanda mövsümü elə gümüş medallarla başa vuracaq.