Futbol üzrə İspaniya yığmasının və “Barselona” komandasının hücumçusu Ferran Torres noyabra qədər meydana çıxmayacaq.
Arena.az xəbər verir ki, ispaniyalı futbolçu sağ budunun arxa hissəsindən əzələ zədəsi alıb. Bun üzdən də o, bir ay futbol oynaya bilməyəcək.
24 yaşlı oyunçu oktyabrın 26-da baş tutacaq “Real”la oyunu da buraxacaq.
Xatırladaq ki, “Barselona” Torresdən öncə qapıçı Mark-Andre ter Ştegeni, müdafiəçi Andreas Kristenseni, yarımmüdafiçilər Mark Bernal, Fermin Lopes və Dani Olmonu da itirmişdi.
Ferran Torres “Valensiya”nın yetirməsidir. 2020-ci ilin avqsutunda “yarasalar” ispan hücumçunu “Mançester Siti”yə satıblar. 2022-ci ilin yanvarında isə “Barselona” Torresi 55 milyon avro məbləğ müqabilində “şəhərlilər”in düşərgəsindən öz heyətinə qatıb. Kataloniya klubunun ispan futbolçu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümündə Torres “blauqrana”nın heyətində 10 oyuna çıxıb, 1 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib. Torresin “Barselona”nın heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 123 oyun, 26 qol, 15 məhsuldar ötürmə.
Ferran Torres 2020-ci ilin sentyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 48 oyun keçirib, 21 qol vurub, 5 məhsuldar ötürmə verib.
Ferran Torresin qənimətlər muzeyində “Mançester Siti” ilə İngiltərə Premyer Liqası (2020/2021, 2022/2023) və İngiltərə Kuboku (2021), “Valensiya” ilə İspaniya Kral Kuboku (2018/2019), həmçinin “Barselona” ilə İspaniya La Liqası (2022/2023) və İspaniya Super Kuboku (2022/2023) var.
Torres bu il İspaniya yığması ilə Avropa çempionu (AÇ-2024) olub. Həmçinin Torres yeniyetmə və gənclər səviyyəsində – İspaniyanın U-17 və U-19 yığmaları ilə də müvafiq olaraq 2017-ci və 2019-cu illərdə Avropa çempionatlarının qalibi olub.
“Transfermarkt” internet-portalı 24 yaşlı hücumçunun transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.