Bartuğ Elmaz “Fənərbaxça”nı bu kluba dəyişdi

“Fənərbaxça”nın dayaq yarımmüdafiəçisi Bartuğ Elmaz cari mövsümün qalan hissəsini Super Liqanın digər təmsilçisi “Sivasspor”da keçirəcək.

Arena.az xəbər verir ki, bu barədə Sivas klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

“Sivasspor” 20 yaşlı futbolçunu bu mövsümün sonuna kimi icarəyə götürüb. Müqavilədə satınalma ilə bağlı şərt nəzərdə tutulmayıb. Futbolçu yayda 2026-cı ilin 30 iyununa qədər müqaviləsinin olduğu “Fənərbaxça”nın düşərgəsinə dönəcək.

Bartuğ Elmaz “Qalatasaray”ın yetirməsidir. O, 2022-ci ilin iyul ayında azad agent kimi Fransanın “Olimpik” (Marsel) klubuna keçsə də, 2023-cü ilin iyulunda 1,4 milyon avro qarşılığında “Fənərbaxça”nın sıralarına qoşulmuşdu. Yarımmüdafiəçi İstanbul nəhənginin heyətində 8 oyuna çıxıb və bir məhsuldar ötürmə müəllifi olub.

Elmaz Türkiyənin U-15, U-16, U-17 və U-19 yığmalarında oynayıb. 2023-cü ildən isə o, U-21-ə dəvət alır.

Yeri gəlmişkən, “Sivasspor” mərkəz yarımmüdafiəçisi Abdulkadir Parmakla da yollarını ayırıb. 29 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi diqqətə çatdırılıb. Ona xidmətlərinə görə təşəkkür edən Sivas klubu, gələcək karyerasında uğurlar arzulayıb.

Abdulkadir Parmak “Sivasspor”a bu mövsümün əvvəlində 100 min avro qarşılığında “Trabzonspor”dan gəlmişdi. O, bu komandanın heyətində cəmi 12 oyuna çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Abdulkadir daha öncə “Trabzonspor”, “1461 Trabzon”, “Altınordu”, “Adana Dəmirspor”, “Ümraniyəspor”, “Kayserispor”, “Sivasspor”, “Qaziantep” kimi klubların da şərəfini qoruyub. O, Türkiyə milli komandasında da 1 oyuna çıxıb.