Türkiyənin “Başakşəhər” klubu baş məşqçisi Emre Belözoğlu ilə yeni müqavilə bağlayıb. Arena.az xəbər verir ki, bu barədə Super Liqa klubunun rəsmi saytı məlumat yayıb.
41 yaşlı mütəxəssislə 2 illik yeni sözləşmə imzalanıb. Əvvəlki müqavilənin müddəti 2023-cü ilin yayına qədər idi.
Xatırladaq ki, Emre Belözoğlu 2021-ci ilin oktyabrından “Başakşəhər”ə rəhbərlik edir. İstanbul klubu onun rəhbərliyi altında ötən mövsümü 4-cü pillədə başa vurub. Komanda bu məşqçi ilə 40 oyuna çıxıb, 23 qələbə qazanıb, 12 heç-heçə edib və cəmi 5 matçda uduzub. Bu mövsüm İstanbul təmsilçisi 3 oyuna 7 xal toplayıb və 7-ci pillədə qərarlaşıb.
Yeri gəlmişkən, “Başakşəhər” iki futbolçusu ilə də yollarını ayırıb. İstanbul klubu Peter Julu Çinin “Yatai” klubuna icarəyə verib. Ötən ilin yayında “Anderlext”dən transfer olunmuş avstriyalı yarımmüdafiəçi İstanbul klubunda cəmi 7 matça çıxıb. O, ötən mövsümün ikinci dövrəsini də Macarıstanın “Fehervar” komandasında icarədə keçirmişdi. Avstriya yığmasında 11 oyun keçirmiş futbolçu, daha öncə “Rapid”, “Qrodiq”, “Hartberq”, “Volfsberger”, “Admira Vakker”, “Rid”, “Şturm Qrats” və “Göztəpə”də də oynayıb.
Kabo Verdedən olan müdafiəçi Karlos Ponk isə “Başakşəhər”dən birdəfəlik ayrılıb. 27 yaşlı futbolçu Portuqaliyanın “Çaves” klubuna transfer olunub. Müdafiəçinin yeni klubu ilə neçə illik müqavilə bağladığı və digər detallar açıqlanmır. Ölkəsinin yığmasında cəmi 1 oyun keçirmiş futbolçu, əvvəllər “Farense”, “Benfika”, “Pasuş de Ferreyra”, “Aves” kimi klubların da formasını geyinib.