“Başakşəhər” Mehmet Topal ilə vidalaşdı

Türkiyənin “Başakşəhər” klubu yarımmüdafiəçisi Mehmet Topal ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

35 yaşlı futbolçunun klubla müqaviləsinin müddəti bu yay başa çatıb. Tərəflər yeni sözləşmə imzalamaq istəmədiyi üçün yollarını ayırıblar.

“Başakşəhər” futbolçuya xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

Mehmet Topal 2019-cu ildən “Başakşəhər”də forma geyinirdi. O, 2019/20 mövsümündə bu komandanın heyətində Türkiyə çempionu olub. Nəticədə yarımmüdafiəçi Türkiyədə üç fərqli komanda ilə çempionluq sevinci yaşamış ilk futbolçu kimi tarixə düşüb. Topal daha öncə “Qalatasaray” (2007/08) və “Fənərbaxça” (2013/14) ilə də ölkə çempionu olmuşdu. Mehmet həm də üç fərqli onillikdə (2000, 2010 və 2020) UEFA Çempionlar Liqası matçında forma geyinən ilk və tək türk futbolçudur.

Peşəkar karyerasına “Dardanelspor”da başlamış Mehmet, 2006-2010-cu illər aralığında “Qalatasaray”da oynayıb. O, 2010-2012-ci illərdə İspaniyanın “Valensiya” klubunda legioner həyatı yaşayıb. 2012-ci ildə Türkiyəyə qayıdan yarımmüdafiəçi, “Başakşəhər”ə keçənə qədər “Fənərbaxça”da çıxış edib.

Türkiyə yığmasında 81 oyun keçirən futbolçu, 2 qola imza atıb.