Basketbol: 2024-cü ilin ilk oyununda “Xəzri” sevindi

Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2023/2024-cü il mövsümünün 10-cu turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, turun və 2024-cü ilin ilk oyun günündə bir qarşılaşma baş tutub.

“Sərhədçi” İdman Mərkəzində keçirilən 10-cu turun və ikinci dövrənin açılış oyununda “Xəzri” ilə “Neftçi” komandaları üz-üzə gəliblər. Mübarizə oyunun son dəqiqlərinə qədər davam edib və yekunda “Xəzri” 86:84 hesablı qələbə qazanıb. Qalib komandanın ən məhsuldar basketbolçusu Amil Həmzəyev olub – 22 xal, 8 ribaund. “Neftçi”də isə Kamran Məmmədov fərqlənib – 20 xal, 6 ribaund.

10-cu turun növbəti oyunları (“Sumqayıt” – “NTD-İndiqo”, “Cəlilabad” – “Sərhədçi”, “Şəki” – “Xırdalan”, “Gəncə” – “Sabah”) 12, 13 və 14 yanvarda baş tutacaq.

Xatırladaq ki, Azərbaycan Basketbol Liqasında bu mövsüm 10 komanda – “Sabah”, “NTD-İndiqo” (Xaçmaz), “Gəncə”, “Xırdalan”, “Sərhədçi”, “Neftçi”, “Cəlilabad”, “Şəki”, “Xəzri” və “Sumqayıt” mübarizə aparır. Çempionat iki dövrədən, yəni 18 turdan ibarət olacaq. Reqlamentə əsasən, müntəzəm mövsümü ilk “altılıq”da tamamlayacaq klublar pley-offa vəsiqə qazanacaqlar. Bu altılıqda ilk iki sıranı tutmuş klublar birbaşa pley-offun yarımfinallarından, digər dörd kollektiv isə 1/4 finallardan mübarizəyə start verəcəklər. 1/4 və 1/2 finallarda ən tez iki qələbə, final seriyasında isə ən tez 3 qələbə qazanmış klub sevinən tərəf olacaq.

Turnir cədvəli

  1. Xəzri (10 oyun, 8 qələbə, 2 məğlubiyyət) – 18 xal
  2. Sabah (9 oyun, 8 qələbə, 1 məğlubiyyət) – 17 xal
  3. NTD-İndiqo (9 oyun, 8 qələbə, 1 məğlubiyyət) – 17 xal
  4. Neftçi (10 oyun, 6 qələbə, 4 məğlubiyyət) – 16 xal
  5. Cəlilabad (9 oyun, 4 qələbə, 5 məğlubiyyət) – 13 xal
  6. Xırdalan (9 oyun, 4 qələbə, 5 məğlubiyyət) – 13 xal
  7. Sumqayıt (9 oyun, 3 qələbə, 6 məğlubiyyət ) – 12 xal
  8. Gəncə (9 oyun, 3 qələbə, 6 məğlubiyyət) – 12 xal
  9. Sərhədçi (9 oyun, 2 qələbə, 7 məğlubiyyət) – 11 xal
  10. Şəki (9 oyun, 9 məğlubiyyət) – 9 xal