Basketbol: Azərbaycan yığmaları Avropa Kubokunun final mərhələsində

Kosovonun paytaxtı Priştina şəhərində keçirilən 3×3 basketbol üzrə Avropa Kubokunun təsnifat mərhələsinin oyunları keçirilib.

Arena.az xəbər verir ki, Azərbaycanın kişilərdən və qadınlardan ibarət yığmaları da təsnifat mərhələsində mübarizə aparıblar və möhtəşəm uğura imza atıblar.

Kişilərdən ibarət yığmamız turnirə Ermənistana qarşı oyunla start verib. Rəqibini böyük hesabla məğlub etmiş millimiz qrup mərhələsindəki digər oyunlarında da bu uğurunu davam etdirib. Komandamız Kosovo, Kipr və Albaniya yığmalarını da üstələməklə yarımfinala maksimum nəticə ilə yüksəlib.

Yarımfinalda İrlandiya yığmasını inamlı hesabla məğlub etmiş Azərbaycan millisi finalda yenidən Kiprlə üz-üzə gəlib. Qrup mərhələsində bu rəqibini məğlub etmiş yığmamız həlledici görüşdən də qalib ayrılmaqla çempionluğu bayram edib.

Qadınlardan ibarət yığmamız isə qrup mərhələsində Malta və Lüksemburq yığmaları ilə qarşılaşıb. Hər iki oyunundan qalib ayrılmış millimiz yarımfinala maksimum nəticə ilə yüksəlib. Yarımfinalda Malta yığmasına qalib gəlmiş qadınlardan ibarət Azərbaycan millisi də finalda Kiprə rəqib olub. Bu rəqibini də məğlub edən yığmamız digər komandamız kimi çempionluq sevinci yaşayıb.

Bununla da Azərbaycan yığmalarının hər ikisi 3×3 basketbol üzrə Avropa Kubokunun final mərhələsinə vəsiqəni təmin ediblər.

Avropa Kubokunun final mərhələsi bu il 22-25 avqust aralığında Avstriyanın paytaxtı Vyana şəhərində keçiriləcək.

Avropa Kubokunun təsnifat mərhələsi

Kişilər
B qrupu
Ermənistan – Azərbaycan 9:21
Azərbaycan – Kosovo 14:10
Kipr – Azərbaycan 16:21
Azərbaycan – Albaniya 21:13

Yarımfinal
Azərbaycan – İrlandiya 21:12

Final
Azərbaycan – Kipr 20:18

Qadınlar
A qrupu
Azərbaycan – Malta 17:14
Azərbaycan – Lüksemburq 21:8

Yarımfinal
Azərbaycan – Malta 15:10

Final
Azərbaycan – Kipr 21:12