Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2023/2024-cü il mövsümünün 15-ci turunun növbəti qarşılaşması baş tutub.
Arena.az xəbər verir ki, üçüncü oyun gününün yeganə qarşılaşması Cəlilabadda baş tutub.
Burada şəhərin eyniadlı komandası liderlər qrupunda qərarlaşmış “Sabah”ı qəbul edib. Meydan sahibləri güclü rəqibə uzun müddət müqavimət göstərmələrinə baxmayaraq, sonda meydanı məğlub tərk ediblər. 90:76 hesablı qələbə qazanan “Sabah” xallarının sayını 27-yə yüksəldib. “Cəlilabad”ın isə hesabında 20 xal var.
Tura martın 17-də keçiriləcək “Şəki” – “Sumqayıt” oyunu ilə yekun vurulacaq. Turun əvvəlki matçlarında “Neftçi” “Gəncə”yə (97:62), “NTD-İndiqo” “Sərhədçi”yə (84:74), “Xəzri” isə “Xırdalan”a (108:82) qalib gəlib.
Xatırladaq ki, Azərbaycan Basketbol Liqasında bu mövsüm 10 komanda – “Sabah”, “NTD-İndiqo” (Xaçmaz), “Gəncə”, “Xırdalan”, “Sərhədçi”, “Neftçi”, “Cəlilabad”, “Şəki”, “Xəzri” və “Sumqayıt” mübarizə aparır. Çempionat iki dövrədən, yəni 18 turdan ibarət olacaq. Reqlamentə əsasən, müntəzəm mövsümü ilk “altılıq”da tamamlayacaq klublar pley-offa vəsiqə qazanacaqlar. Bu altılıqda ilk iki sıranı tutmuş klublar birbaşa pley-offun yarımfinallarından, digər dörd kollektiv isə 1/4 finallardan mübarizəyə start verəcəklər. 1/4 və 1/2 finallarda ən tez iki qələbə, final seriyasında isə ən tez 3 qələbə qazanmış klub sevinən tərəf olacaq.
Turnir cədvəli
- Xəzri (15 oyun, 13 qələbə, 2 məğlubiyyət) – 28 xal
- Sabah (15 oyun, 12 qələbə, 3 məğlubiyyət) – 27 xal
- Neftçi (15 oyun, 11 qələbə, 4 məğlubiyyət) – 26 xal
- NTD-İndiqo (15 oyun, 11 qələbə, 4 məğlubiyyət) – 26 xal
- Xırdalan (15 oyun, 9 qələbə, 6 məğlubiyyət) – 24 xal
- Sərhədçi (15 oyun, 6 qələbə, 9 məğlubiyyət) – 21 xal
- Cəlilabad (15 oyun, 5 qələbə, 10 məğlubiyyət) – 20 xal
- Sumqayıt (14 oyun, 4 qələbə, 10 məğlubiyyət ) – 18 xal
- Gəncə (15 oyun, 3 qələbə, 12 məğlubiyyət) – 18 xal
- Şəki (14 oyun, 14 məğlubiyyət) – 14 xal