Bu gün Şəki Olimpiya İdman Kompleksində keçirilən bir oyunla Azərbaycan Basketbol Liqasında 22-ci tura yekun vurulub. Arena.az xəbər verir ki, turun qapanış oyununda “Olimpik Şəki” doğma azarkeşlərinin qarşısında “Gəncə”ni qəbul edib.
Oyunun ilk dəqiqələrindən üstünlüyü ələ keçirən gəncəlilər parketdən 94:77 hesablı qələbə ilə ayrılıblar. Bu qələbə ilə “Gəncə” turnir cədvəlində 3-cü sıraya yüksəlib.
“Olimpik Şəki”nin heyətinə ən məhsuldar basketbolçu Larri Robinson olub – 20 xal, 8 ribaund. Qalib komandanın heyətində isə Kollin Törner diqqət mərkəzinə düşüb – 20 xal, 8 asist.
Xatırladaq ki, 22-ci turun ilk oyununda “AAAF Xırdalan” “Neftçi” İK üzərində 95:83 hesablı qələbəyə sevinmişdi. Ötən gün isə “Sabah” “Zirvə Astara”ya (87:65), NTD “Sərhədçi”yə (76:73) qalib gəlmişdi.
23-cü tur Azərbaycan kubokunun oyunlarından sonra start götürəcək.
Hazırda Azərbaycan Basketbol Liqasında turnir cədvəlindəki vəziyyət belədir:
- Sabah (22 oyun, 16 qələbə, 6 məğlubiyyət) – 38 xal
- NTD (22 oyun, 16 qələbə, 6 məğlubiyyət) – 38 xal
- Gəncə (22 oyun, 15 qələbə, 7 məğlubiyyət) – 37 xal
- AAAF Xırdalan (22 oyun, 15 qələbə, 7 məğlubiyyət) – 37 xal
- Sərhədçi (22 oyun, 13 qələbə, 9 məğlubiyyət) – 35 xal
- Neftçi İK (22 oyun, 7 qələbə, 15 məğlubiyyət) – 29 xal
- Zirvə Astara (22 oyun, 4 qələbə, 18 məğlubiyyət) – 27 xal
- Olimpik Şəki (22 oyun, 2 qələbə, 20 məğlubiyyət) – 24 xal


