Basketbol Liqası: “Sabah” finalda 1:0 önə keçdi

Bu gün Azərbaycan Basketbol Liqasının 2022/2023 mövsümündə “Sabah” və “Gəncə” komandaları arasında final seriyasının ilk oyunu baş tutub. Arena.az xəbər verir ki, “Sərhədçi” İdman Mərkəzində baş tutan oyuna gəncəlilər daha inamlı başlayıblar.

Amma “Gəncə” basketbolçuları bu üstünlüyü sona qədər qoruyub saxlaya bilməyiblər. İkinci hissədə geridönüş edən “Sabah” yekunda 71:69 hesablı qələbə qazanıb.

Qalib komandanın ən məhsuldar basketbolçusu Entoni Patti olub – 12 xal, 12 ribaund. “Gəncə”nin heyətində isə Kollin Törner fərqlənib – 17 xal, 11 asist.

Bu qələbə ilə “Sabah” final seriyasında 1:0 önə keçib. Final seriyasının ikinci oyunu mayın 22-də keçiriləcək. Yenə eyni məkanda baş tutacaq qarşılaşmaya saat 19:30-da start veriləcək.

Reqlamentə əsasən, super seriyada ən tez üç qələbə qazanmış kollektiv 2022/2023 mövsümü üzrə Azərbaycan çempionu olacaq. İlk üç oyunda çempion müəyyənləşməsə, əlavə oyunlar keçiriləcək.

Mayın 19-da Azərbaycan Basketbol Liqasında 3-cü yer uğrunda oyun keçirilib. Bürünc medal uğrunda “AAAF Xırdalan” və NTD komandaları üz-üzə gəliblər. Bir oyundan ibarət bu mübarizədən NTD basketbolçuları qalib ayrılıblar – 100:79.

Xatırladaq ki, “Gəncə” NTD ilə yarımfinal seriyasının ümumi hesabında 2:1 hesabıyla üstün olmuşdu (101:73, 76:105, 106:103). “Sabah” isə “AAAF Xırdalan”ı elə ilk iki oyunda üstələyərək (86:71, 83:77) finala yüksəlmişdi.