Basketbol Liqası: “Sabah” Şəkidə qələbə qazandı, zirvəyə yüksəldi

Bu gün Şəki Olimpiya İdman Kompleksində keçirilən bir oyunla Azərbaycan Basketbol Liqasının 21-ci turuna yekun vurulub. Arena.az xəbər verir ki, turun sonuncu oyununda “Olimpik Şəki” doğma azarkeşlərinin gözü önündə “Sabah” basketbolçuları üz-üzə gəlib.

Gərgin keçən qarşılaşma əlavə vaxta gedib. Yekunda paytaxt təmsilçisi 86:80 hesablı qələbəyə sevinib.

“Olimpik Şəki”nin heyətində ən məhsuldar basketbolçu Larri Robinson olub – 36 xal, 9 ribaund. Qalib komandanın heyətində isə Entoni Patti ön plana çıxıb – 27 xal, 8 ribaund.

“Sabah” bu qələbədən sonra xalını 36-ya çatdırıb və zirvəyə yüksəlib. NTD də eyni xal toplamasına baxmayaraq, ikinci pillədə qərarlaşıb. İlk üçlüyü 35 xalı olan “AAAF Xırdalan” qapayır.

Xatırladaq ki, 21-ci turun daha öncə baş tutan oyunlarında NTD “Neftçi”yə 109:80, “AAAF Xırdalan” “Zirvə Astara”ya 90:85, “Gəncə” “Sərhədçi”yə 86:77 hesabıyla qalib gəlmişdi.

Ölkə çempionatında 22-ci turun oyunları 15-19 mart aralığında baş tutacaq.

Hazırda Azərbaycan Basketbol Liqasında turnir cədvəlindəki vəziyyət belədir:

  1. Sabah (21 oyun, 15 qələbə, 6 məğlubiyyət) – 36 xal
  2. NTD (21 oyun, 15 qələbə, 6 məğlubiyyət) – 36 xal
  3. AAAF Xırdalan (21 oyun, 14 qələbə, 7 məğlubiyyət) – 35 xal
  4. Sərhədçi (21 oyun, 13 qələbə, 8 məğlubiyyət) – 34 xal
  5. Gəncə (20 oyun, 13 qələbə, 7 məğlubiyyət) – 33 xal
  6. Neftçi İK (21 oyun, 7 qələbə, 14 məğlubiyyət) – 28 xal
  7. Zirvə Astara (20 oyun, 4 qələbə, 16 məğlubiyyət) – 25 xal
  8. Olimpik Şəki (21 oyun, 2 qələbə, 19 məğlubiyyət) – 23 xal
Xəbəri sosial şəbəkələrdə paylaş: