Bu gün Azərbaycan Basketbol Liqasının 2022/2023 mövsümündə “Sabah” və “Gəncə” komandaları arasında final seriyasının üçüncü oyunu baş tutub. Arena.az xəbər verir ki, “Sərhədçi” İdman Mərkəzində baş tutan oyun paytaxt təmsilçisi üçün uğurlu alınıb.
Xalaxal prinsipi ilə davam edən oyunun yekununda “Sabah” 93:90 hesabı ilə qalib gəlib. Qalib komandanın ən məhsuldar basketbolçusu Kalin Kreyn olub – 19 xal, 5 ribaund. “Gəncə”də isə Cordan Endryus fərqlənib – 24 xal, 5 ribaund.
Beləliklə, “Sabah” super seriyada ümumi hesabı 2:1 xeyrinə dəyişib. İlk oyunda da paytaxt təmsilçisi rəqibinə 71:69 hesabı ilə qalib gəlmişdi. İkinci final görüşü isə “Gəncə”nin xeyrinə yekunlaşmışdı – 78:74.
Final seriyasının dördüncü oyunu mayın 26-da keçiriləcək. Yenə eyni məkanda baş tutacaq qarşılaşmaya saat 19:30-da start veriləcək.
Reqlamentə əsasən, super seriyada ən tez üç qələbə qazanmış kollektiv 2022/2023 mövsümü üzrə Azərbaycan çempionu olacaq. İlk üç oyunda çempion müəyyənləşmədiyindən, əlavə oyunlar keçiriləcək.
Mayın 19-da Azərbaycan Basketbol Liqasında 3-cü yer uğrunda oyun keçirilib. Bürünc medal uğrunda “AAAF Xırdalan” və NTD komandaları üz-üzə gəliblər. Bir oyundan ibarət bu mübarizədən NTD basketbolçuları qalib ayrılıblar – 100:79.
Xatırladaq ki, “Gəncə” NTD ilə yarımfinal seriyasının ümumi hesabında 2:1 hesabıyla üstün olmuşdu (101:73, 76:105, 106:103). “Sabah” isə “AAAF Xırdalan”ı elə ilk iki oyunda üstələyərək (86:71, 83:77) finala yüksəlmişdi.