Bu gün – mayın 11-də “Sərhədçi” İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL) növbəti yarımfinal oyunu baş tutub.
Arena.az xəbər verir ki, “Xəzri” və “NTD-İndiqo” komandaları seriyanın 2-ci oyununa çıxıblar.
Oyunun əvvələrindən üstünlüyü “NTD-İndiqo” ələ keçirsə də, sonradan geridönüş etməyi bacaran debütant “Xəzri” yekunda 86:81 hesablı qələbəyə sevinib. Bu komandaların ilk görüşündə də “Xəzri” qələbə qazanmışdı – 63:61.
Bu qələbələr sayəsində “Xəzri” seriyada 2:0 hesablı üstünlük əldə edib və finalda “Sabah”ın rəqibi olub.
Qalib komandanın ən məhsuldar basketbolçusu Cordan Perkins olub – 23 xal, 8 asist. “NTD-İndiqo”da isə Qeylen Smit fərqlənib – 22 xal, 12 ribaund.
“NTD-İndiqo” isə 3-cü yer uğrunda “Xırdalan”la qarşılaşacaq.
Qeyd edək ki, “Xəzri” və “Sabah” arasında baş tutacaq Azərbaycan Basketbol Liqasının 2023/2024 mövsümünün final seriyasının ilk oyunu mayın 16-da keçiriləcək.