Basketbol Liqası: “Xəzri” və “Sumqayıt”dan qələbə

Bu gün keçirilən iki oyunla Azərbaycan Basketbol Liqasında (ABL) 2023/2024-cü il mövsümünün 6-cı turuna start verilib.

Arena.az xəbər verir ki, hər iki oyun Sumqayıt Olimpiya İdman Kompleksində baş tutub.

Turun açılış oyununda yerli komanda “Sumqayıt” region klubu “Şəki” ilə qarşılaşıb və 96:81 hesablı qələbəyə sevinib. Qalib komandanın ən məhsuldar basketbolçusu Cey Mürrel olub – 26 xal, 10 asist. “Şəki”də isə Pol Dibal fərqlənib – 17 xal, 7 ribaund.

Günün ikinci oyununda isə “Xəzri” və “Xırdalan” komandaları üz-üzə gəliblər. Oyun “Xəzri”nin 105:84 hesablı rahat qələbəsi ilə yekunlaşıb. “Xəzri”nin ən məhsuldar basketbolçusu Mark Vital olub – 20 xal, 3 ribaund. “Xırdalan”da isə Cessi Qi fərqlənib – 28 xal, 11 asist.

6-cı turun digər oyunları (“Gəncə” – “Neftçi”, “Sərhədçi” – “NTD-İndiqo”, “Sabah” – “Cəlilabad”) dekabrın 2-də keçiriləcək.

Qeyd edək ki, Azərbaycan Basketbol Liqasında bu mövsüm 10 komanda – “Sabah”, “NTD-İndiqo” (Xaçmaz), “Gəncə”, “Xırdalan”, “Sərhədçi”, “Neftçi”, “Cəlilabad”, “Şəki”, “Xəzri” və “Sumqayıt” mübarizə aparır. Çempionat iki dövrədən, yəni 18 turdan ibarət olacaq. Reqlamentə əsasən, müntəzəm mövsümü ilk “altılıq”da tamamlayacaq klublar pley-offa vəsiqə qazanacaqlar. Bu altılıqda ilk iki sıranı tutmuş klublar birbaşa pley-offun yarımfinallarından, digər dörd kollektiv isə 1/4 finallardan mübarizəyə start verəcəklər. 1/4 və 1/2 finallarda ən tez iki qələbə, final seriyasında isə ən tez 3 qələbə qazanmış klub sevinən tərəf olacaq.

Turnir cədvəli

  1. Xəzri (6 oyun, 5 qələbə, 1 məğlubiyyət) – 11 xal
  2. Neftçi (5 oyun, 4 qələbə, 1 məğlubiyyət) – 9 xal
  3. Sabah (5 oyun, 4 qələbə, 1 məğlubiyyət) – 9 xal
  4. NTD-İndiqo (5 oyun, 4 qələbə, 1 məğlubiyyət) – 8 xal
  5. Cəlilabad (5 oyun, 3 qələbə, 2 məğlubiyyət) – 8 xal
  6. Xırdalan (6 oyun, 2 qələbə, 4 məğlubiyyət) – 8 xal
  7. Sumqayıt (6 oyun, 2 qələbə, 4 məğlubiyyət ) – 8 xal
  8. Sərhədçi (5 oyun, 2 qələbə, 3 məğlubiyyət) – 7 xal
  9. Gəncə (5 oyun, 1 qələbə, 4 məğlubiyyət) – 6 xal
  10. Şəki (6 oyun, 6 məğlubiyyət) – 6 xal