Basketbol Liqasında final seriyasının təqvimi açıqlandı

Azərbaycan Basketbol Liqasında 2022/2023 mövsümünün final seriyası çərçivəsində baş tutacaq oyunların təqvimi açıqlanıb. Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, final seriyasına mayın 20-də start veriləcək. Final seriyasında “Sabah” və “Gəncə” komandaları mübarizə aparacaqlar. Bu komandalar arasındakı ilk görüş mayın 20-də “Sərhədçi” İdman Mərkəzində baş tutacaq. Həmin oyuna saat 19:30-da start veriləcək.

Final seriyasında ikinci oyunun mayın 22-də, üçüncü qarşılaşmanın isə mayın 24-də keçirilməsi nəzərdə tutulub. Həmin oyunlar da “Sərhədçi” İdman Mərkəzində baş tutacaq. Hər iki görüşə saat 19:30-da start veriləcək.

Reqlamentə əsasən, super seriyada ən tez üç qələbə qazanmış kollektiv Azərbaycan Basketbol Liqasının çempionu olacaq. İlk üç oyunda çempion müəyyənləşməsə, əlavə oyunlar keçiriləcək.

Final seriyasından öncə isə ölkə çempionatının bürünc medalçısının adına aydınlıq gətiriləcək. Belə ki, mayın 19-da yarımfinal görüşlərindən məğlubiyyətlə ayrılmış NTD ilə “AAAF Xırdalan” üçüncü yer uğrunda üz-üzə gələcəklər. Bu oyun da “Sərhədçi” İdman Mərkəzində keçiriləcək və saat 19:30-da başlayacaq.

Xatırladaq ki, “Gəncə” NTD ilə yarımfinal seriyasının ümumi hesabında 2:1 hesabıyla üstün olmuşdu (101:73, 76:105, 106:103). “Sabah” isə “AAAF Xırdalan”ı elə ilk iki oyunda üstələyərək (86:71, 83:77) finala yüksəlmişdi.