Bu gün “Sərhədçi” İdman Mərkəzində baş tutan iki oyunla Azərbaycan Basketbol Liqasının sonuncu – 28-ci turuna yekun vurulub. Arena.az xəbər verir ki, müntəzəm çempionatın sonuncu turunun sonuncu oyun günündə əvvəlcə “Sabah” və “Olimpik” (Şəki) komandaları üz-üzə gəliblər.
Bu oyunda “Sabah” basketbolçuları 105:80 hesablı qələbə qazanaraq müntəzəm mövsümü lider kimi başa vurub. “Sabah” pley-offda “AAAF Xırdalan” ilə qarşılaşacaq.
Qalib komandanın ən məhsuldar basketbolçusu Kalin Kreyn olub – 17 xal, 6 ribaund. Şəki təmsilçisində isə Endryu Uitset fərqlənib – 29 xal, 8 ribaund.
Günün sonuncu oyunu NTD və “Neftçi” basketbolçuları arasında keçirilib. Bu önəmli oyunda da NTD 101:89 hesablı qələbə qazanıb. Nəticədə bu komanda pley-off mərhələsinə 2-ci pillədən daxil olaraq “Gəncə” komandasına qarşı pley-off oyunlarında ev üstünlüyünü ələ keçirib.
NTD-də ən məhsuldar basketbolçu Zek Hadson olub – 20 xal, 10 ribaund. “Neftçi”də isə Mohsen Moradxani diqqət mərkəzinə düşüb – 24 xal, 13 ribaund.
Xatırladaq ki, daha öncə “AAAF Xırdalan” “Zirvə Astara” üzərində 109:96 hesablı qələbə qazanmışdı. “Gəncə” isə “Sərhədçi”ni 102:85 hesabıyla üstələmişdi.
Beləliklə, Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün əsas mərhələsindən sonra turnir cədvəlindəki vəziyyət belədir:
1. Sabah (28 oyun, 21 qələbə, 7 məğlubiyyət) – 49 xal
2. NTD (28 oyun, 20 qələbə, 8 məğlubiyyət) – 48 xal
3. Gəncə (28 oyun, 20 qələbə, 8 məğlubiyyət) – 48 xal
4. AAAF Xırdalan (28 oyun, 19 qələbə, 9 məğlubiyyət) – 47 xal
5. Sərhədçi (28 oyun, 14 qələbə, 14 məğlubiyyət) – 42 xal
6. Neftçi İK (28 oyun, 9 qələbə, 19 məğlubiyyət) – 37 xal
7. Zirvə (28 oyun, 7 qələbə, 21 məğlubiyyət) – 35 xal
8. Olimpik (28 oyun, 2 qələbə, 26 məğlubiyyət) – 30 xal


