Basketbol Liqasında “Sabah” və NTD yenidən zirvədə

Azərbaycan Basketbol Liqasında bu gün 22-ci turun daha iki oyunu keçirilib. Arena.az xəbər verir ki, oyunlardan biri Astarada, digəri isə Bakıda baş tutub.

Günün ilk oyununda Astarada yerli “Zirvə Astara” “Sabah” basketbolçularını qəbul edib. Oyuna fəal başlayan paytaxt klubu rəqibi üzərində 87:65 hesablı qələbə qazanaraq ilk pillədəki mövqeyini qoruyub.

“Zirvə Astara”nın heyətində ən məhsuldar basketbolçu Zo Tayson olub – 16 xal, 8 ribaund. Lider komandanın basketbolçularından isə Entoni Patti fərqlənib – 28 xal, 18 ribaund.

Günün ikinci oyunu “Sərhədçi” İdman Mərkəzində keçirilib. Burada NTD və “Sərhədçi” basketbolçuları üz-üzə gəliblər. Gərgin qarşılaşmanın sonunda NTD basketbolçuları 76:73 hesablı qələbə qazanıblar.

NTD-nin heyətində ən məhsuldar basketbolçu Ceremi Heys olub – 18 xal, 10 ribaund. “Sərhədçi”də isə Brendon Miller diqqət mərkəzinə düşüb – 21 xal, 9 asist.

Xatırladaq ki, 22-ci turun ilk oyununda “AAAF Xırdalan” “Neftçi” İK üzərində 95:83 hesablı qələbəyə sevinmişdi. Tura sabah keçiriləcək “Olimpik Şəki” – “Gəncə” oyunu ilə yekun vurulacaq.

  1. Sabah (22 oyun, 16 qələbə, 6 məğlubiyyət) – 38 xal
  2. NTD (22 oyun, 16 qələbə, 6 məğlubiyyət) – 38 xal
  3. AAAF Xırdalan (22 oyun, 15 qələbə, 7 məğlubiyyət) – 37 xal
  4. Gəncə (21 oyun, 14 qələbə, 7 məğlubiyyət) – 35 xal
  5. Sərhədçi (22 oyun, 13 qələbə, 9 məğlubiyyət) – 35 xal
  6. Neftçi İK (22 oyun, 7 qələbə, 15 məğlubiyyət) – 29 xal
  7. Zirvə Astara (22 oyun, 4 qələbə, 18 məğlubiyyət) – 27 xal
  8. Olimpik Şəki (21 oyun, 2 qələbə, 19 məğlubiyyət) – 23 xal