Bu gün Fransanın Orlean şəhərində 3×3 basketbol üzrə Dünya Qadın Seriyasının növbəti mərhələsinə start verilib.
Arena.az xəbər verir ki, bu mərhələdə Azərbaycan yığma komandası ilə yanaşı, “Neftçi” klubu da mübarizə aparıb.
Dünya Qadın Seriyasının Orlean mərhələsində yığmamız C qrupunda ABŞ və “Yuanda” (Çin) ilə mübarizə aparıb. İlk matçda ABŞ-a 7:21 hesabıyla uduzan millimiz “Yuanda”ya da 14:21 hesabı ilə məğlub olub.
“Neftçi” isə A qrupunda Kanada və İtaliya milliləri ilə üz-üzə gəlib. “Ağ-qaralar” ilk oyununu Kanada seçməsinə qarşı keçirib və 17:21 hesabıyla uduzub. İtaliya seçməsinə qarşı oyun da 14:16 hesablı məğlubiyyətlə bitib.
Beləliklə, hər iki təmsilçimiz mübarizəni qrup mərhələsindəcə dayandırıb.
Xatırladaq ki, bu mövsüm 3×3 basketbol üzrə Dünya Qadın Seriyasında iki mərhələ Azərbaycanda baş tutub. Astaradakı yarışda komandalarımız uğur qazana bilməsə də, Şuşadakı mərhələ “Neftçi”nin çempionluğu ilə başa çatmışdı.


