Basketbol: “Şəki” ilk qələbəsini “Gəncə” üzərində qazandı

Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2023/2024-cü il mövsümünün 17-ci turunun növbəti qarşılaşması keçirilib.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə də bir görüş baş tutub.

Turun qapanış oyununda çempionatın aşkar autsayderi “Şəki” əsas izləyicisi olduğu “Gəncə”ni qəbul edib. Bu oyunda 82:73 hesabıyla üstün olan Şəkinin eyniadlı təmsilçisi cari mövsümdə ilk qələbəsinə sevinib.

Xatırladaq ki, 17-ci turun əvvəlki oyunlarında “Sərhədçi” “Xəzri”yə 98:70, “Xırdalan” “Neftçi”yə 114:109, “Sabah” “Sumqayıt”a 93:73, “NTD-İndiqo” “Cəlilabad”a 108:87 hesabıyla qalib gəlmişdi.

Qeyd edək ki, Azərbaycan Basketbol Liqasında bu mövsüm 10 komanda – “Sabah”, “NTD-İndiqo” (Xaçmaz), “Gəncə”, “Xırdalan”, “Sərhədçi”, “Neftçi”, “Cəlilabad”, “Şəki”, “Xəzri” və “Sumqayıt” mübarizə aparır. Çempionat iki dövrədən, yəni 18 turdan ibarət olacaq. Reqlamentə əsasən, müntəzəm mövsümü ilk “altılıq”da tamamlayacaq klublar pley-offa vəsiqə qazanacaqlar. Bu altılıqda ilk iki sıranı tutmuş klublar birbaşa pley-offun yarımfinallarından, digər dörd kollektiv isə 1/4 finallardan mübarizəyə start verəcəklər. 1/4 və 1/2 finallarda ən tez iki qələbə, final seriyasında isə ən tez 3 qələbə qazanmış klub sevinən tərəf olacaq.

Turnir cədvəli

  1. Sabah (17 oyun, 14 qələbə, 3 məğlubiyyət) – 31 xal
  2. Xəzri (17 oyun, 13 qələbə, 4 məğlubiyyət) – 30 xal
  3. NTD-İndiqo (17 oyun, 13 qələbə, 4 məğlubiyyət) – 30 xal
  4. Xırdalan (17 oyun, 11 qələbə, 6 məğlubiyyət) – 28 xal
  5. Neftçi (17 oyun, 11 qələbə, 6 məğlubiyyət) – 28 xal
  6. Sərhədçi (17 oyun, 7 qələbə, 10 məğlubiyyət) – 24 xal
  7. Sumqayıt (17 oyun, 6 qələbə, 11 məğlubiyyət ) – 23 xal
  8. Cəlilabad (17 oyun, 5 qələbə, 12 məğlubiyyət) – 22 xal
  9. Gəncə (17 oyun, 4 qələbə, 13 məğlubiyyət) – 21 xal
  10. Şəki (17 oyun, 1 qələbə, 16 məğlubiyyət) – 17 xal