Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2023/2024-cü il mövsümünün 14-cü turunun növbəti qarşılaşması baş tutub.
Arena.az xəbər verir ki, dördüncü oyun gününün yeganə görüşü Gəncədə keçirilib.
Gəncə Olimpiya İdman Kompleksində baş tutan oyunda yerli “Gəncə” “Sərhədçi”ni qəbul edib. Paytaxt təmsilçisi bu oyunda 79:72 hesabı ilə qalib gələrək, pley-off şanslarını bir qədər də artırıb.
Qalib komandanın ən məhsuldar basketbolçusu Cəbrayıl Əkbərov olub – 18 xal, 9 ribaund. “Gəncə”də isə Culs Mur fərqlənib – 21 xal, 2 assist.
Qeyd edək ki, 14-cü turun son oyunu sabah “NTD-İndiqo” ilə “Xırdalan” arasında baş tutacaq. Turun əvvəlki oyunlarında “Neftçi” “Sabah”ı (101:87), “Xəzri” “Şəki”ni (94:85), “Sumqayıt” “Cəlilabad”ı (109:99) məğlub edib.
Xatırladaq ki, Azərbaycan Basketbol Liqasında bu mövsüm 10 komanda – “Sabah”, “NTD-İndiqo” (Xaçmaz), “Gəncə”, “Xırdalan”, “Sərhədçi”, “Neftçi”, “Cəlilabad”, “Şəki”, “Xəzri” və “Sumqayıt” mübarizə aparır. Çempionat iki dövrədən, yəni 18 turdan ibarət olacaq. Reqlamentə əsasən, müntəzəm mövsümü ilk “altılıq”da tamamlayacaq klublar pley-offa vəsiqə qazanacaqlar. Bu altılıqda ilk iki sıranı tutmuş klublar birbaşa pley-offun yarımfinallarından, digər dörd kollektiv isə 1/4 finallardan mübarizəyə start verəcəklər. 1/4 və 1/2 finallarda ən tez iki qələbə, final seriyasında isə ən tez 3 qələbə qazanmış klub sevinən tərəf olacaq.
Turnir cədvəli
- Xəzri (14 oyun, 12 qələbə, 2 məğlubiyyət) – 26 xal
- Sabah (14 oyun, 11 qələbə, 3 məğlubiyyət) – 25 xal
- Neftçi (14 oyun, 10 qələbə, 4 məğlubiyyət) – 24 xal
- NTD-İndiqo (13 oyun, 10 qələbə, 3 məğlubiyyət) – 23 xal
- Xırdalan (13 oyun, 8 qələbə, 5 məğlubiyyət) – 21 xal
- Sərhədçi (14 oyun, 6 qələbə, 8 məğlubiyyət) – 20 xal
- Cəlilabad (14 oyun, 5 qələbə, 9 məğlubiyyət) – 19 xal
- Sumqayıt (14 oyun, 4 qələbə, 10 məğlubiyyət ) – 18 xal
- Gəncə (14 oyun, 3 qələbə, 11 məğlubiyyət) – 17 xal
- Şəki (14 oyun, 14 məğlubiyyət) – 14 xal