Basketbol üzrə Azərbaycan kubokuna start verildi

Bu gün “Sərhədçi” İdman Mərkəzində basketbol üzrə Azərbaycan kubokunda 2022/23 mövsümünə start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə qrup mərhələsinin ilk turunun oyunları keçirilib. İlk gündə iki qrup üzrə dörd qarşılaşma baş tutub.

Açılış oyunu A qrupunda qərarlaşmış “Sabah” və “Gəncə” komandaları arasında baş keçirilib. Gəncə təmsilçisi yekunda 97:59 hesabı ilə qalib gəlib. “Sabah”ın heyətində ən məhsuldar basketbolçu Udun Osaku (15 xal, 3 ribaund) olub. “Gəncə”nin heyətində isə Əkbər Məmmədov fərqlənib – 27 xal, 18 ribaund.

Bu qrupun digər oyununda “AAAF Xırdalan” “Sərhədçi” ilə üz-üzə gəlib. Xırdalan təmsilçisi bu rəqibini 86:69 hesabıyla məğlub edib. “AAAF Xırdalan”da ən məhsuldar basketbolçu Deymon Makdouel olub – 19 xal, 6 ribaund. “Sərhədçi”də isə Brendon Miller diqqət mərkəzinə düşüb – 20 xal, 5 ribaund.

B qrupunda NTD və “Olimpik Şəki” komandalarının dueli daha gərgin keçib. NTD basketbolçuları bu oyundan 94:83 hesablı qələbə ilə ayrılıblar. Qalib komandanın ən məhsuldar basketbolçusu Zak Hadson olub – 18 xal, 11 ribaund. “Olimpik Şəki”də isə Larri Robinson fərqlənməyi bacarıb – 24 xal, 8 asist.

Qrupun digər qarşılaşmasında “Zirvə Astara” “Neftçi” İK ilə üz-üzə gəlib. Paytaxt klubu Astara təmsilçisini 93:76 hesabıyla məğlub edib. “Zirvə Astara”nın ən məhsuldar basketbolçusu Derin Conson olub – 27 xal, 6 asist. “Neftçi”də isə Davit Lomidze daha məhsuldar olub – 24 xal, 5 riabund.