Basketbol üzrə Azərbaycan kubokunun finalçıları bəlli oldu

Bu gün – martın 25-də “Sərhədçi” İdman Mərkəzində basketbol üzrə Azərbaycan kubokunun yarımfinal mərhələsinin oyunları keçirilib. Arena.az xəbər verir ki, hər iki qarşılaşma eyni gündə baş tutub.

İlk yarımfinal oyununda “Gəncə” və “Neftçi” İK komandaları üz-üzə gəliblər. Yerli oyunçularının dominant oyunu sayəsində “Gəncə” komandası rəqibi üzərində 83:73 hesablı qələbə qazanaraq ilk finalçı olub. Qalib komandanın heyətində ən məhsuldar basketbolçu Amil Həmzəyev olub – 26 xal, 6 ribaund. “Neftçi”də isə Yuri Kondrakov fərqlənib – 18 xal, 10 ribaund.

Sonuncu yarımfinal qarşılaşması NTD və “AAAF Xırdalan” komandaları arasında baş tutub. Gərgin mübarizə şəratində keçən bu oyunun sonunda NTD basketbolçuları 91:84 hesablı qələbə qazanıblar. Nəticədə ikinci finalçı məhz NTD komandası olub. Bu komandanın heyətində ən məhsuldar basketbolçu Londel Kinq olub – 25 xal, 15 ribaund. “AAAF Xırdalan”da isə Devin Pullum diqqət mərkəzinə düşüb – 23 xal, 5 asist.

Beləliklə, “Gəncə” və NTD arasında baş tutacaq basketbol üzrə Azərbaycan kubokunun final oyunu sabah – martın 26-da keçiriləcək. “Sərhədçi” İdman Mərkəzində təşkil olunacaq həlledici oyuna saat 16:00-da start veriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: