Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2023/2024-cü il mövsümünün 14-cü turunun növbəti qarşılaşması baş tutub.
Arena.az xəbər verir ki, ikinci oyun gününün yeganə görüşünə “Sərhədçi” İdman Mərkəzi ev sahibliyi edib.
Burada çempionatın ən güclü kollektivlərindən sayılan “Xəzri” qələbəsi olmayan “Şəki” ilə qarşılaşıb. Paytaxt təmsilçisi rəqibini 94:85 hesabı ilə məğlub edib. Bu qələbə ilə “Xəzri” (26 xal) turnir cədvəlində “Sabah”ı (25 xal) geridə qoyaraq vahid liderə çevrilib.
Qalib komandanın ən məhsuldar basketbolçusu Yusuf Məhəmməd olub – 23 xal, 6 ribaund. “Şəki”də isə Pol Dibal fərqlənib – 23 xal, 6 ribaund.
Bu turun bir gün öncə baş tutmuş açılış matçında son çempion “Sabah” “Neftçi”yə 87:101 hesabıyla uduzmuşdu. 14-cü turun növbəti oyunları (“Sumqayıt” – “Cəlilabad”, “Gəncə” – “Sərhədçi”, “NTD-İndiqo” – “Xırdalan”) 9-11 fevral aralığında baş tutacaq.
Xatırladaq ki, Azərbaycan Basketbol Liqasında bu mövsüm 10 komanda – “Sabah”, “NTD-İndiqo” (Xaçmaz), “Gəncə”, “Xırdalan”, “Sərhədçi”, “Neftçi”, “Cəlilabad”, “Şəki”, “Xəzri” və “Sumqayıt” mübarizə aparır. Çempionat iki dövrədən, yəni 18 turdan ibarət olacaq. Reqlamentə əsasən, müntəzəm mövsümü ilk “altılıq”da tamamlayacaq klublar pley-offa vəsiqə qazanacaqlar. Bu altılıqda ilk iki sıranı tutmuş klublar birbaşa pley-offun yarımfinallarından, digər dörd kollektiv isə 1/4 finallardan mübarizəyə start verəcəklər. 1/4 və 1/2 finallarda ən tez iki qələbə, final seriyasında isə ən tez 3 qələbə qazanmış klub sevinən tərəf olacaq.
Turnir cədvəli
- Xəzri (14 oyun, 12 qələbə, 2 məğlubiyyət) – 26 xal
- Sabah (14 oyun, 11 qələbə, 3 məğlubiyyət) – 25 xal
- Neftçi (14 oyun, 10 qələbə, 4 məğlubiyyət) – 24 xal
- NTD-İndiqo (13 oyun, 10 qələbə, 3 məğlubiyyət) – 23 xal
- Xırdalan (13 oyun, 8 qələbə, 5 məğlubiyyət) – 21 xal
- Cəlilabad (13 oyun, 5 qələbə, 8 məğlubiyyət) – 18 xal
- Sərhədçi (13 oyun, 5 qələbə, 8 məğlubiyyət) – 18 xal
- Sumqayıt (13 oyun, 3 qələbə, 10 məğlubiyyət ) – 16 xal
- Gəncə (13 oyun, 3 qələbə, 10 məğlubiyyət) – 16 xal
- Şəki (14 oyun, 14 məğlubiyyət) – 14 xal


