“Bavariya” üç futbolçusu ilə yollarını ayırdı

Almaniya çempionu “Bavariya” üç futbolçusu ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, Münhen təmsilçisi David Alaba, Jerom Boatenq və Xavi Martineslə rəsmən vidalaşıb.

Bu barədə klubun sosial şəbəkə hesablarında məlumat paylaşılıb. Sözügedən futbolçularla müddəti başa çatan müqavilələr yenilənməyib. Klub hər üç oyunçuya xidmətlərinə görə təşəkkür edib, onlara gələcək karyeralarında uğurlar arzulayıb.

Qeyd edək ki, Alaba, Boatenq və Martinesin “Bavariya”dan ayrılacağı hələ mövsümün gedişində məlum idi. Bunu həm futbolçular, həm də klub təsdiqləmişdi.

David Alaba 13 ildir Münhen təmsilçisinin uğurları üçün çalışırdı. Avstriyalı cinah müdafiəçisi bu komandanın heyətində bütün turnirlər çərçivəsində 430 oyuna çıxıb, 33 qola imza atıb. 28 yaşlı oyunçu bir müddət icarə əsasında “Hoffenhaym”da da çıxış edib. Avstriya millisinin də üzvü olan futbolçunun karyerasını Madrid “Real”ında davam etdirəcəyi iddia olunur.

Xavi Martines 2012-ci ildən “Bavariya”nın uğurları üçün çalışırdı. 32 yaşlı müdafiəçi bu komandanın heyətində meydana çıxdığı 267 matçda 14 qol vurub. İspan futbolçu daha öncə ölkəsində “Osasuna” və “Atletik” klublarının uğurları üçün çalışıb. Martinesin karyerasının son illərini də İspaniyada keçirməsi gözlənilir.

Jerom Boatenq isə 2011-ci ildən “Bavariya”da idi. 32 yaşlı mərkəz müdafiəçisi Münhen təmsilçisinin forması ilə meydana çıxdığı 363 oyunda 10 qol vurub. Almaniya yığmasında da oynamış futbolçu, “Mançester Siti”, “Hamburq” və “Herta” komandalarının da uğurları üçün çalışıb.