“Bayer” Avropa rekorduna imza atdı – 49 məğlubiyyətsiz oyun!

Avropa Liqasının yarımfinalı çərçivəsində “Roma”ya qarşı Leverkuzendə baş tutan cavab oyunu “Bayer” üçün ikiqat əlamətdar olub.

Arena.az xatırladır ki, İtaliya paytaxtında ilk oyunda “canavarlar”ı 2:0 hesabı ilə məğlub etmiş “əczaçılar”, Leverkuzendə 2:2 hesablı heç-heçənin ardınca Avropa Liqasının finalına yüksəliblər.

Almaniya təmsilçisi bu oyunda məğlub olmamaqla, mütləq Avropa rekordunu müəyyənləşdirib – 49 ardıcıl məğlubiyyətsiz oyun silsiləsi! Beləliklə, Leverkuzen klubu 1963-1965-ci illər aralığında ardıcıl məğlubiyyətsiz oyunlar silsiləsini sürdürmüş Portuqaliya nəhəngi “Benfika”nın 48 oyundan ibarət rekordunu qırıb.

Avropa Liqasının finalına gəlincə, “Bayer” may ayının 22-də İrlandiyanın paytaxtı Dublin şəhərinin “Aviva” stadionunda “Atalanta” ilə qarşılaşacaq. Final oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.