“Bayer” sosial şəbəkə hesabında Avropa Liqasının 1/8 final mərhələsinin “Qarabağ”la cavab oyunundan sonra paylaşım edib.
Arena.az xəbər verir ki, paylaşımda Ağdam klubunun rəsmi sosial şəbəkə hesabı işarə olunaraq bunlar yazılıb:
“Komandanıza hörmət edirik. Bizə 4 gözəl oyun yaşatdınız. Amma xahiş edirik, bunu bir daha etməyin!”
Xatırladaq ki, “Qarabağ” 1/8 finalda iki oyunun nəticəsinə əsasən (2:2, 2:3) Avroliqa ilə vidalaşıb. Ağdam və Leverkuzen təmsilçiləri bu mövsüm Avropa Liqasının qrup mərhələsində də mübarizə aparmışdılar. Azərbaycan çempionu “Bayer”ə Leverkuzendə 1:5, Bakıda isə 0:1 hesabı ilə məğlub olmuşdu. Almaniya təmsilçisi qrup lideri kimi birbaşa 1/8 finala yüksəlmişdisə, Azərbaycan çempionu qrupda 2-ci yeri tutaraq pley-offa vəsiqə qazanmışdı.



