“Bayer” braziliyalı futbolçu üçün 7 milyon avro ödədi

Futbol üzrə Almaniya Bundesliqasında mübarizə aparan “Bayer” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Leverkuzen təmsilçisi Braziliya millisinin üzvü Arturu heyətinə qatıb.

Bu barədə Almaniya klubunun rəsmi saytı məlumat yayıb. Tərəflər arasında bağlanan müqavilənin müddəti 2028-ci ilin 30 iyununa qədər nəzərdə tutulub. Lakin 20 yaşlı futbolçu Bundesliqa klubuna bu ilin yayında qoşulacaq. Həmin vaxta kimi o, hazırda formasını geyindiyi “Atletiko Mineyro”nun uğurları üçün çalışmağa davam edəcək. “Bayer” bu transfer üçün Braziliya klubuna 7 milyon avro ödəyib.

Tam adı Artur Auqusto de Matos Soares olan sağ cinah müdafiəçisi məhz “Atletiko Mineyro”nun yetirməsidir. O, ötən ildən formasını geyindiyi əsas komandada 23 oyuna çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Gənc futbolçu ötən ay Braziliyanın əsas millisində rəsmi matça da çıxıb.