“Bayer” fransalı mərkəz müdafiəçisini heyətinə qatdı

“Bayer” fransalı gənc mərkəz müdafiəçisi Janyuel Belosyanı “Renn”dən tamhüquqlu əsasda “əczaçılar”ın heyətinə qatıb.

Arena.az bu barədə Almaniya klubunun rəsmi saytına istinadən məlumat verir.

“Bayer” Belosyanla müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb. Müqavilə cari ilin iyul ayının 1-də rəsmən qüvvəyə minəcək. Leverkuzen klubu bu keçid müqabilində Fransa təmsilçisinin xəzinəsinə 15 milyon avro məbləğində ödəniş edəcək.

Janyuel Belosyan əslən, Fransanın dənizaşırı departamenti olan Qvadelupa adasındandır. Gənc müdafiəçi “Renn” klubunun yetirməsidir.

Geridə qalmış 2023/2024 mövsümündə Belosyan “Renn”in heyətində bütün yarışlarda 27 oyuna çıxıb, 1 məhsuldar ötürmə verib. Belosyanın “Renn”in heyətində çıxışının ümumi mənzərəsi belədir: 39 oyun, 1 məhsuldar ötürmə.

Janyuel Belosyan Fransanın U-17, U-18, U-19 və U-21 yığmalarında iştirak təcrübəsinə malikdir. Gənc müdafiəçi “xoruzlar”ın əsas heyətinə hələ dəvət almayıb.

Janyuel Belosyanın qənimətlər muzeyində Fransanın U-17 yığması ilə 2022-ci ildə qazandığı Avropa çempionluğu var.

“Transfermarkt” internet-portalı 19 yaşlı fransalı müdafiəçinin transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.