Almaniya Bundesliqasının 30-cu turunda Dortmund “Borussiya”sı ilə səfər oyunu çempion Leverkuzen “Bayer”i üçün əlamətdar olub.
Arena.az məlumat verir ki, bu oyunda Leverkuzen təmsilçisi 1:1 hesablı heç-heçə oynayıb.
Nəticədə bu komanda böyük futbol beşliyi ölkələrinin klubları arasında özünə məxsus olan rekordu – ən uzun məğlubiyyətsizlik silsiləsini yeniləyib. Xabi Alonsonun “əczaçılar”ı ardıcıl 45-ci dəfə meydanı məğlub olmadan tərk ediblər.
Vurğulayaq ki, “Borussiya” ilə görüşdə qonaqlar oyunun əsas vaxtına əlavə edilmiş təzminat vaxtında – 90+7-ci dəqiqədə “əczaçılar”ın xorvat mərkəz müdafiəçisi Yosip Stanişiçin vurduğu qol sayəsində məğlubiyyətdən xilas olublar.
Xatırladaq ki, bundan əvvəl, “Bayer” müvafiq göstəricidə “Yuventus”a məxsus rekordu qırmışdı. “Qoca sinyora” 2011/2012 mövsümndə ardıcıl 43 oyunda məğlub olmamışdı.
Xabi Alonsonun komandası erkən surətdə Almaniya Bundesliqasının cari mövsümünün çempionu olub. Leverkuzen təmsilçisi çempionatın başa çatmasına 5 tur qalmış yarış cədvəlində 1-ci yeri təmin edib. Bu, klub tarixindəki ilk çempionluqdur.
Bundan əlavə, “əczaçılar” Almaniya Kubokunun finalına yüksəliblər və burada İkinci Bundesliqada çıxış edən “Kayzerslautern”lə oynayacaqlar. Final oyunu mayın 25-də Berlinin “Olimpiaştadion” stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Həmçinin “Bayer” Avropa Liqasında inamla irəliləyir. Yarışın yarımfinal mərhələsində Leverkuzen təmsilçisini “Roma” ilə iki oyun gözləyir. İlk oyun mayın 2-də Romada baş tutacaq. Cavab oyunu isə mayın 9-da Leverkuzendə keçiriləcək.