Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turu çərçivəsində PSJ ilə ev oyunu (1:0) “Bayern” üçün əlamətdar olub.
Arena.az bu barədə “Opta Sports” statistik internet-portalına istinadən məlumat verir.
Almaniya nəhəngi Çempionlar Liqasının qrup mərhələsinin ev oyunlarda məğlubiyyətsizlik silsiləsi üzrə rekorda imza atmış “Barselona”nın nailiyyətini təkrarlayıb.
Münhen təmsilçisi 31 qələbə və 2 heç-heçə ilə ardıcıl 33 oyundur ki, Çempionlar Liqasının qrup mərhələsinin ev oyunlarında məğlubiyyət tanımır. Bu silsilə, “Barselona”nın 2009-2020-ci illər arasında evdə keçirdiyi 33 oyunda məğlubiyyətsizlik rekordu ilə birlikdə Avropanın ən mötəbər klub yarışı tarixində ən uzun silsilədir. Üstəlik, “Bayern”in müvafiq silsiləni davam etdirərək, mütləq rekorda çatdırmaq imkanı var.
Yeri gəlmişkən, “Bayern”in müdafiəçisi Kim Min Jae Rusiya təmsilçisi “Rubin”in baş məşqçisi Rəşid Rəhimovun UEFA Çempionlar Liqasındakı rekordunu təkrarlayıb. PSJ ilə matçda Münhen təmsilçisinin yeganə qolunu vuran 28 yaşlı cənubi koreyalı oyunçu Fransa klubunun qapısından top keçirən ikinci asiyalı futbolçu olub. O, qarşılaşmanın 68-ci dəqiqəsində fərqlənməklə komandasına vacib qələbə qazandırıb.
Tacikistandan olan Rəhimov indiyə qədər ən nüfuzlu klub turnirində parislilərin qapısına qol vuran yeganə asiyalı futbolçu idi. O, bunu 1994-cü ildə “Spartak”ın (Rusiya) heyətində oynayarkən həyata keçirmişdi. Moskvada baş tutan görüş “qırmızı-ağlar”ın 1:2 hesablı məğlubiyyəti ilə başa çatmışdı.
5 turdan sonra 9 xal toplamış “Bayern” UEFA Çempionlar Liqasının Liqa mərhələsinin yarış cədvəlində 11-ci pillədə qərarlaşıb.



