“Bayern” Brayan Saraqosanı “Osasuna”ya icarəyə verdi

Almaniya nəhəngi “Bayern” ispan vingeri Brayan Saraqosanı icarə əsasında İspaniyanın “Osasuna” klubunun düşərgəsinə göndərib.

Arena.az bu barədə Münhen klubunun mətbuat xidmətinə istinadən məlumat verir:

“Brayanın məqsədi “Bayern”in vacib bir hissəsində yer almaqdır. Bunun üçün isə o, bütün keyfiyyətlərə malikdir. Əminik ki, vətəni İspaniyada 2024/2025-ci illər mövsümü ona özünü sübut etməyə kömək edəcək. Brayana oynamaq gərəkdir və “Osasuna” bunu etmək üçün yaxşı yerdir”, deyə “Bayern”in idman direktoru Kristof Froynd bildirib.

Brayan Saraqosa “Qranada”nın yetirməsidir. O, “Qranada”nın əsas heyətinə düşmək uğrunda klubun futbol akademiyasının bütün yolunu keçib, həmçinin “El Exido” klubunda icarədə oynayıb.
Geridə qalmış 2023/2024-cü illər mövsümündə Saraqosa “Bayern”in heyətində bütün yarışlarda 7 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Yarımmüdafiəçi “Qranada” ilə 2022/2023 mövsümü İspaniya Sequndasının qalibi olub.

Brayan Saraqosa 2023-cü ilin oktyabrında İspaniya yığmasının heyətində debüt edib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

“Transfermarkt” internet-portalı 22 yaşlı ispan vingerin transfer dəyərini 12 milyon avro məbləğində qiymətləndirir.

“Osasuna” “Real Ovyedo”nun sol cinah müdafiəçisi Abel Bretonesi də transfer edib. La Liqa klubu bu transfer üçün 2,8 milyon avrosundan keçib. 23 yaşlı ispan futbolçu yeni klubu ilə 5 illik müqaviləyə imza atıb.

Abel Bretones “Real Ovyedo”da 86 oyuna çıxıb. O, bu oyunlarda 1 qol və 7 assistlə yadda qalıb.

“Osasuna” mərkəz müdafiəçisi David Qarsiyanı da Qətərin “Əl-Rayyan” klubuna satıb. La Liqa təmsilçisi bu satışdan 8,75 milyon avro qazanıb. 30 yaşlı ispan futbolçu yeni klubu ilə 3 illik müqaviləyə imza atıb.

“Leonesa”da da oynamış David Qarsiya, “Osasuna”nın heyətində 305 oyun keçirib. O, bu oyunlarda 15 qol və 3 məhsuldar ötürmə müəllifi olub. Müdafiəçi 2023-cü ilin mart ayında debüt etdiyi İspaniya millisində də 3 oyun keçirib.