“Bayern” bütün zamanların rekordunu müəyyənləşdirdi – ÇL-də

UEFA Çempionlar Liqasının 2024/25 mövsümünün Liqa mərhələsinin Zaqreb “Dinamo”su ilə 1-ci tur oyunu “Bayern” üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, “Münhen Arena”da keçirilmiş oyunda Almaniya nəhəngi Xorvatiya təmsilçisi üzərində 9:2 hesablı qələbə qazanıb.

Bununla da Münhen klubu UEFA Çempionlar Liqasında bütün zamanların rekorduna imza atıb.

Belə ki, Vensan Kompaninin rəhbərlik etdiyi kollektiv qitənin ən mötəbər klub yarışı tarixində bir oyunda 9 qol vurmuş ilk komanda olaraq adını tarixə yazıb.

Qeyd edək ki, münhenlilərin heyətində Harri Keyn 4 qol vurmaqla pokerə imza atıb. Rafael Gerrero dubl müəllifi olubsa, Leroy Sane, Leon Qoretska və Maykl Olise hərəyə bir dəfə fərqləniblər. “Dinamo”nun qollarını isə Bruno Petkoviç və Takuya Oqivara vurublar.

Xatırladaq ki, UEFA Çempionlar Liqasının əsas mərhələsində ən böyükhesablı qələbəni İngiltərənin “Liverpul” və İspaniyanın “Real” klubları qazanıblar. Mersisayd təmsilçisi Türkiyənin “Beşiktaş” komandasını 8:0 hesabı ilə məğlub edib. Madrid nəhəngi isə İsveç “Malmö”sünü oxşar hesabla yenib.

Çempionlar Liqasının əsas mərhələsində qeydə alınmış ən böyükhesablı qələbələr:

  1. Liverpul – Beşiktaş – 8:0 (6 noyabr 2007)
  2. Real – Malmö – 8:0 (8 dekabr 2015)

Qələbə sayəsində “Bayern” Çempionlar Liqasında ümumi mərhələnin yarış cədvəlində 3 xalla zirvədə qərarlaşıb.