“Bayern” David de Xeanı heyətinə qatmağa hazırlaşır

“Bayern” qapıçı axtarışlarını davam etdirir və ispan David de Xeanı azad agent qismində transfer etmək variantını yenidən nəzərdən keçirir.

Arena.az bu barədə “Sport1” portalına istinadən məlumat verir.

Mənbənin məlumatına görə, “Bayern” cari yay transfer pəncərəsi bağlanana qədər komandanın əsas qapıçısı Manuel Noyerə əvəzləyici tapmaq istəyindədir. Almaniya nəhəngini David de Xeaya yenidən maraq göstərməyə “Çelsi”nin qapıçısı Kepa Arrisabalaqanın icarə əsasında “Real”a keçidi sövq edib. Münhen klubu De Xeanın transferi ilə bir neçə hədəfi vurmağı düşünür. Belə ki, De Xeanın azad agent olması transferin maliyyə tərəfindən “Bayern”ə sərfəlidir, həmçinin almanlar büynəlxalq müstəvidə böyük oyun təcrübəsinə malik qapıçıya sahiblənmiş olacaqlar. Buna qədər De Xeanın Səudiyyə Ərəbistanı klublarının maraq dairəsində olması haqda da məlumat vardı. Artıq “Bayern” təmsilçilərinin “Mançester Yunayted”in sabiq qapıçısı ilə danışıqlar apardığı bildirilir.

Geridə qalmış 2022/2023 mövsümündə De Xea “Mançester Yunayted”in heyətində yarışlarda 58 oyuna çıxıb, 61 qol “yeyib”, 25 oyundan “quru” qurtulub. De Xeanın “qırmızı şeytanlar”la müqaviləsi cari ilin iyun ayının sonunda başa çatıb. Təcrübəli ispan qapıçının hətta ehtiyat oyunçular skamyasında əvəzedici qapıçı kimi klubda qalmağa razı olmasına rəğmən, “qırmızı şeytanlar” De Xea ilə əməkdaşlığı davam etdirməkdən daşınıblar. Nəticədə “Mançester Yunayted”dən ayırılmış De Xea hazırda azad agent kimi gələn təklifləri dəyərləndirməklə məşğuldur.

“Transfermarkt” internet-portalı 32 yaşlı David de Xeanı 13 milyon avro məbləğində qiymətləndirir.

Daha əvvəl “Bayern”in “Mançester Siti”nin 30 yaşlı almaniyalı qapıçısı Ştefan Orteqa ilə maraqlandığı bildirilirdi.