Almaniya çempionu “Bayern” İtaliyanın “Yuventus” klubunun hücumçusu Duşan Vlahoviçi ələ keçirmək uğrunda mübarizəyə girişib.
Arena.az jurnalist Kristian Falkın “Twitter” hesabına istinadən xəbər verir ki, münhenlilər 23 yaşlı serb hücumçunu sıralarına qatmaq üçün İngiltərə nəhəngləri “Çelsi” və “Mançester Yunayted”lə mübarizəyə qatılmaqdan çəkinmirlər.
Cari mövsümdə Vlahoviç “Qoca sinyora”nın heyətində 42 oyunda meydana çıxaraq 14 qol və 4 məhsuldar ötürmə ilə fərqlənib.
Vlahoviçin turinlilərlə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonunda başa çatır. “Transfermarkt” internet-portalı futbolçunu 75 milyon avro məbləğində dəyərləndirir. Halbuki, turinlilər onu 2022-ci ilin yanvarında “Fiorentina”dan 81.60 milyon avroya transfer etmişdilər. İndi “Bayern” Duşan Vlahoviçi heyətinə qatmaq üçün daha çox məbləğ təklif etmək məcburiyyətindədir.
Xatırladaq ki, bir müddət əvvəl Vlahoviçin “Çelsi” tərəfindən diqqət mərkəzində saxlanıldığı bildirilirdi. Həmçinin KİV-də futbolçu ilə bağlı heç bir əsaslı danışıqlar aparılmadığı qeyd edilmişdi.