“Bayern” fanatları “Şaxtyor”la oyuna 36 min biletdən imtina etdilər

“Bayern” azarkeşləri Çempionlar Liqasının 6-cı turunda Donetsk “Şaxtyor” ilə oyuna 36 min bilet sorğusunu ləğv ediblər.

Arena.az bu barədə nüfuzlu alman nəşri “Bild”ə istinadən məlumat verir.

Xatırladaq ki, “Bayern” – “Şaxtyor” oyunun dekabrın 10-da Gelzenkirxenin “AufŞalke” arenasında keçiriləcək.

Kütləvi imtina, “Bayern” azarkeşlərinə qarşı qiymət siyasətinə görə, “Südkurve München” tərəfdar dəstəsinin Çempionlar Liqası oyunlarını boykot etmək çağırışlarından sonra baş verib.
Mənbənin məlumatına görə, “Bayern”lə oyuna biletlər digər rəqiblərlə oyunlardan bahadır və tərəfdarların müvafiq qərarı etiraz tədbiri olaraq izah edilir.

Məsələn, Münhen klubunun bir oyununa bilietin qiyməti 105 avro məbləğdən başlayır, “Şaxtyor” – “Atalanta” ev oyununa isə biletlərin qiyməti 28 avrodan, “Yanq Boyz”la oyuna isə 31 avrodan başlayır. “Bayern” azarkeşləri ayaqüstü biletləri 52 avro məbləğdən başlayaraq əldə edə bilərlər. “Atalanta” ilə oyunda belə biletləri 23 avrodan, “Yanq Boyz”la oyunda isə 26 avrodan başlayaraq almaq olar.

Ümumiyyətlə, alman azarkeşlər ənənəvi olaraq klublarından Çempionlar Liqası oyunlarının biletlərinin qiymətlərini mümkün qədər ucuzlaşdırmağı tələb edərək, səfər oyunlarına gəlincə də sərt mövqelərini nümayiş etdirirlər.

“Aldanmayın və “Şaxtyor”la Çempionlar Liqası səfər oyununu boykot edin. Ədalətli qiymətlər üçün və biletlərin yüksək qiymət artımlarına qarşı çıxış edin!”, – Münhen nəhənginin ultras dəstəsinin bir bəyanatında deyilir.