“Bayern”in muzeyində ingilis hücumçu Harri Keynin Münhen klubu ilə ilk mövsümdəcə qazandığı mükafatlarından ibarət sərgi açılıb.
Arena.az xatırladır ki, Keyn böyük futboldakı karyerası ərzində hələ, bir komanda qəniməti belə, qazana bilməsə də, fərdi mükafatları kifayət qədərdir.
Muzeydə nümayiş etdirilən sərgi nümunələri arasında, məsələn, Keynin Avropa liqalarının ən sərrast qolçusu olaraq aldığı “Qızıl buts”, Almaniya Bundesliqasının son mövsümünün ən sərrast qolçusu mükafatı, UEFA Çempionlar Liqasının ən sərrast qolçusu mükafatı və s. var.
Keyn özü bu sərgi haqda fikrini paylaşıb:
“Mən, Bayern”dəki ilk mövsümümdən bəzi mükafatlarımın “Alyans Arena”dakı klub muzeyində nümayiş etdirilməsindən qürur duyuram.
Ailəm və mən Münhendə özümüzü evimdəki kimi hiss edirik, buna görə də təşəkkür edirəm! Böyük bir 2025-ci ilin intizarındayıq!”, – Keyn özünün sosial şəbəkə hesabları üzərindən paylaşıb.
Harri Keyn “Tottenhem”in yetirməsidir. İngilis hücumçu 2023-cü ilin avqustunda 100 milyon avro məbləğ müqabilində elə, London klubundan “Bayern”ə keçib. Harrinin Münhen klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Keyn “Bayern” üçün bütün yarışlarda 20 oyuna çıxıb, 20 qol və 9 məhsuldar ötürmə ilə fərqlənib.
Harri Keynin Almaniya nəhənginin heyətində çıxışının ümumi mənzərəsi 65 oyun, 64 qol və 21 məhsuldar ötürmədən ibarətdir.
Harri Keyn 2015-ci ilin mart ayında debüt etdiyi İngiltərə yığma komandasının heyətində 103 oyuna 69 qol və 19 məhsuldar ötürmə ilə fərqlənib.
“Transfermarkt” internet-portalı 31 yaşlı ingilis hücumçunun transfer dəyərini 90 milyon avro məbləğində qiymətləndirir.





