“Bayern” Bundesliqanın Frankfurt “Ayntraxt”ı ilə 6-cı tur oyununda (3:3) əvəzlənmiş hücumçusu Harri Keynin səhhəti haqda bəyanat yayıb.
Arena.az “Bayern”in rəsmi saytına istinadən, müvafiq bəyanatı təqdim edir:
“İngiltərə yığma komandasının həkimləri tərəfindən aparılmış müayinə Harri Keynin quruluşunda heç bir zədə olmadığını göstərdi. Bazar günü axşam Bundesliqa çərçivəsində Frankfurt “Ayntraxt”ı ilə oyuda zədələnərək əvəzlənmiş “Bayern”in hücumçusu, qarşıdakı beynəlxalq oyunlar üçün İngiltərə yığmasının heyətində qalır”, – Almaniya nəhənginin bəyanatında deyilir.
Harri Keyn “Tottenhem”in yetirməsidir. İngilis hücumçu “Bayern”ə 2023-cü ilin avqustunda 100 milyon avro məbləğ müqabilində elə, “Tottenhem”dən keçib. Harrinin Münhen klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Keyn “Bayern” üçün bütün yarışlarda 9 oyuna çıxıb, 10 qol və 6 məhsuldar ötürmə ilə fərqlənib.
Keyn Almaniya nəhənginin heyətində çıxışının ümumi mənzərəsi 54 oyun, 54 qol və 18 məhsuldar ötürmədən ibarətdir.
Harri Keyn 2015-ci ilin mart ayında debüt etdiyi İngiltərə yığma komandasının heyətində 100 oyuna 68 qol və 19 məhsuldar ötürmə ilə fərqlənib.
“Transfermarkt” internet-portalı 31 yaşlı ingilis hücumçunun transfer dəyərini 100 milyon avro məbləğində qiymətləndirir.
Əlavə edək ki, Keyn böyük futboldakı karyerası ərzində hələ, bir qənimət belə, qazana bilməyib.


