Almaniya nəhəngi “Bayern” münhenlilərin ingilis ulduz hücumçusu Harri Keynin aldığı zədə ilə bağlı rəsmi bəyanatla çıxış edib.
Arena.az Münhen klubunun mətbuat xidmətinin müvafiq açıqlamasını təqdim edir:
“Keyn Çempionlar Liqasının “Seltik”lə ələmə oyunu öncəsi baldırın ikibaşlı əzələsinin zədəsi ilə üzləşib. Bu, ardınca qançır doğurub, bu səbəbdən də qarşıdakı günlərdə Keyn məşqlər etməyəcək”, – “Bayern”in bəyanatında deyilir.
Xatırladaq ki, Keyn Çempionlar Liqasının 1/16 final mərhələsinin “Seltik”lə Münhendəki cavab oyununda (1:1, ilk oyun 2:1) meydanda birinci hissəni sona qədər mübarizə apararaq, 46-cı dəqiqədə əvəzlənib.
Keyn özü də zədəsi ilə bağlı açıqlama verib:
“Müayinədən keçəcəyəm, sonra isə baxıb-görəcəyik. Bazar günü “Ayntraxt”a (Frankfurt) qarşı oynaya biləcəyimə əmin deyiləm”, – jurnalist Patrik Ştrasser ingilis ulduz hücumçudan sitat gətirir.
Harri Keyn “Tottenhem”in yetirməsidir. İngilis hücumçu 2023-cü ilin avqustunda 100 milyon avro məbləğ müqabilində elə, London klubundan “Bayern”ə keçib. Harrinin Münhen klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Keyn “Bayern” üçün bütün yarışlarda 31 oyuna çıxıb, 29 qol və 10 məhsuldar ötürmə ilə fərqlənib.
Harri Keynin Almaniya nəhənginin heyətində çıxışının ümumi mənzərəsi 76 oyun, 73 qol və 22 məhsuldar ötürmədən ibarətdir.
Keyn 21 qolla cari mövsüm Almaniya Bundesliqasının ən sərrast futbolçusudur. İngilis hücumçunun hesabında 7 məhsuldar ötürmə də var.
Harri Keyn 2015-ci ilin mart ayında debüt etdiyi İngiltərə yığma komandasının heyətində 103 oyuna 69 qol və 19 məhsuldar ötürmə ilə fərqlənib.
“Transfermarkt” internet-portalı 31 yaşlı ingilis hücumçunun transfer dəyərini 90 milyon avro məbləğində qiymətləndirir.
Əlavə edək ki, Keyn böyük futboldakı karyerası ərzində komanda səviyyəsində hələ, bir qənimət belə, qazana bilməyib.