Almaniya nəhəngi Münhen “Bayern”i əsas komandasının iki futbolçusu ilə yollarını ayırdığını rəsmən bəyan edib.
Arena.az bu barədə “Bayern”in mətbuat xidmətinə istinadən məlumat verir.
Bu futbolçular seneqallı sağ cinah müdafiəçisi Buna Sarr və kamerunlu mərkəz hücumçusu Erik Şupo-Motinqdir.
Adı çəkilən futbolçularla vida mərasimi komandanın Bundesliqanın 33-cü turu çərçivəsində “Volfsburq”a qarşı ev oyunu (2:0) ərəfəsində baş tutub.
Xatırladaq ki, Sarr və Şupo-Motinq “Bayern”in düşərgəsini iyun ayının sonunda, cari müqavilələrinin başa çatması ilə azad agent qismində tərk edəcəklər.
Buna Sarr “Bayern”ə 2020-ci ilin oktyabrında 8 milyon avro müqabilində Marsel “Olimpik”indən keçib.
Sarr “Bayern”in heyətində ümumilikdə 33 oyun keçirib, 1 qol vurub və 4 məhsuldar ötürmə verib.
Buna Sarr 2021-ci ilin oktyabrında debüt etdiyi Seneqal yığmasının heyətində 13 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
Sarr “Bayern”lə 3 dəfə Almaniya Bundesliqasının qalibi olub, Almaniya Super Kubokunu və FIFA Klub Dünya Kubokunu qazanıb. Sarr həmçinin Seneqal yığması ilə Afrika Millətlər Çempionatının (2022) qalibi olub.
“Transfermarkt” internet-portalı 32 yaşlı seneqallı sağ cinah müdafiəçisi Buna Sarın transfer dəyərini 2 milyon avro məbləğində qiymətləndirir.
Erik Şupo-Motinq “Bayern”ə 2020-ci ilin oktyabrında PSJ-dən azad agent qismində keçib.
Şupo-Motinq “Bayern”in heyətində ümumilikdə 122 oyun keçirib, 38 qol vurub və 13 məhsuldar ötürmə verib.
Erik Şupo-Motinq 2010-cu ilin iyununda debüt etdiyi Kamerun yığmasının heyətində 73 oyun keçirib, 20 qol vurub, 4 məhsuldar ötürmə verib.
Şupo-Motinq “Bayern”lə 3 dəfə Almaniya Bundesliqasının qalibi olub, Almaniya Super Kubokunu və FIFA Klub Dünya Kubokunu qazanıb.
“Transfermarkt” internet-portalı 35 yaşlı kamerunlu mərkəz hücumçusu Erik Şupo-Motinqin transfer dəyərini 3 milyon avro məbləğində qiymətləndirir.