“Bayern” rəsmən açıqladı – Tuxel mövsümün sonunda gedəcək

“Bayern”in baş məşqçisi Tomas Tuxel 2023/2024 mövsümünün sonunda Almaniya nəhənginin düşərgəsini tərk edəcək.

Arena.az bu barədə “Bayern”in rəsmi saytına istinadən məlumat verir.

Klub və alman mütəxəssis müddəti 2025-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuş müqaviləyə qarşılıqlı surətdə xitam vermək qərarına gəliblər.

“Bayern”in baş direktoru Yan-Kristian Drezen klubun bu xüsusda mövqeyinə dair çıxış edib:

“Açıq, xoş söhbətdə biz yayda əməkdaşlığımıza qarşılıqlı surətdə xitam vermək qərarına gəldik. “Bayern”in məqsədi növbəti mövsüm üçün yeni baş məşqçi ilə idmanın yenidən qurulmasını həyata keçirməkdir. O vaxta qədər klubdakı hər bir şəxs Çempionlar Liqasında və Bundesliqada mümkün olan ən yaxşı nəticəni əldə etmək vəzifəsini daşıyır. Mən də həmçinin, komandanın üzərinə məsuliyyət qoyuram. Xüsusilə Çempionlar Liqasında Romada “Latsio” ilə ilk oyunda 0:1 hesablı məğlubiyyətdən sonra 1/4 finala yüksələcəyimizə əminik”.

Tuxelin öz də müvafiq qərarı ilə bağlı açıqlama verib: “Biz razılaşdıq ki, bu mövsümdən sonra əməkdaşlığı bitirəcəyik. O vaxta qədər heyətim və mən əlbəttə ki, mütləq uğur qazanmaq üçün mümkün olan hər şeyi etməyə davam edəcəyik”.

Tuxel “Bayern”ə ötən ilin martında gəlib. Alman mütəxəssis Münhen klubuna Bundesliqanın ötən mövsümünün son turunda çempionluğu qazandıra bilib.

Rəhbərliyi müddətində Tuxel “Bayern”i 44 oyuna çıxarıb, 28 qələbə qazandırıb, 5 heç-heçə edib. Məğlubiyyətlərə gəlincə, Tuxel 11 məğlubiyyət acısı dadıb ki, bu da ümumi oyunların 25%-i deməkdir. Tuxelin rəhbərliyi altında “Bayern” 100 qol vurub, 54 qol buraxıb.

Cari mövsümdə “Bayern” əvvəlcə, Almaniya Super Kubokunda “Leypsiq”ə gözlənilmədən 0:3 hesabı ilə məğlub olaraq, mövsümün ilk qənimətini əldən verib. Ardınca komanda Almaniya Kubokunda “Saarbrükken”ə 1:2 hesabı ilə məğlub olaraq ölkə kubokundakı mübarizəsinə xitam verib. Ən nəhayət, Münhen klubu Bundesliqada tədricən mövqeyini itirərək, liderliyi “Bayer”ə təslim edib. Hazırda Almaniya nəhəngi 22 turdan 50 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. “Əczaçılar” isə 58 xalla Bundesliqya başçılıq edirlər. Üstəlik, “Bayern” Çempionlar Liqasının 1/8 finalında “Latsio”yla ilk oyunda 0:1 hesabı ilə məğlub olaraq mövsümü əliboş bitirmək təhlükəsi ilə üzləşib.