“Bayern” Tomas Tuxelə nə qədər təzminat ödəyəcək?

“Bayern” əməkdaşlığa xitam verildikdən sonra baş məşqçi Tomas Tuxelə əhəmiyyətli məbləğdə pul təzminatı ödəyəcək.

Arena.az jurnalist Florian Plettenberqin təqdim etdiyi məlumata istinadən bildirir ki, Almaniya nəhənginin Tomas Tuxelə ödəyəcəyi təzminat haqqı 10 milyon avro məbləğdən çox olacaq.

Vurğulanır ki, alman mütəxəssisin məşqçilər heyətinin maaşı 2025-ci ilin yayına qədər ödəniləcək.

Xatırladaq ki, daha əvvəl “Bayern”in komandanın baş məşqçisi Tomas Tuxeli növbəti mövsümdə klubda saxlamaq istədiyi məlum olmuşdu. Alman mütəxəssis “Bayern”in transfer siyasətinə gerçək təsir göstərmək kimi bir sıra şərtlər irəli sürmüş və bu halda vəzifəsində qalmağa razı olduğunu bildirmişdi. Mütəxəssis hansı futbolçuların satılmalı və hansının alınmalı olduğunu müstəqil müəyyənləşdirmək istəyində olduğunu vurğulamışdı. Amma tərəflər razılıq əldə edə bilməyiblər. Dalana dirənmiş danışıqlar haqda məlumatı ictimailəşdirmiş Tuxel, ən nəhayət “Bayern”dən ayrılacağını təsdiqləmişdi.

Hazırda Almaniya nəhəngi yeni baş məşçi axtarışındadır.
Tomas Tuxel “Bayern”in sükanı arxasına həmyerlisi, alman mütəxəssis Yulian Nagelsmanın istefaya göndərilməsindən sonra, 2023-cü ilin martında gətirilib. Alman mütəxəssis Münhen klubuna Bundesliqanın ötən mövsümünün son turunda çempionluğu qazandıra bilib.

Cari mövsümdə isə Tuxelin çalışdırdığı “Bayern” çıxış etdiyi dörd cəbhənin üçündə gözlənilmədən uğursuzluğa düçar olub. Almaniya nəhəngi Bundesliqanın çempionluğunu Leverkuzen “Bayer”inə uduzub, Almaniya Kuboku və Almaniya Super Kubokunu da əldən verib.

“Bayern”in mövsümü xilas etmək üçün son ümidi Çempionlar Liqasına idi. Mötəbər yarışın yarımfinalına çıxaraq ilk oyunda evdə “Real”la 2:2 hesablı heç-heçə oynamış “Bayern”, Madriddəki cavab oyununda “qaymaqlılar”a 1:2 hesabı ilə məğlub olaraq, cari mövsümü qənimətsiz başa vurub.
Tuxelin rəhəbərli altında “Bayern” 61 oyuna çıxıb, 37 qələbə qazanıb, 8 heç-heçə edib, 16 oyunda məğlub olub. Top fərqi isə 142:80 nisbətindədir.

Xəbəri sosial şəbəkələrdə paylaş: