“Bayern” Tomas Tuxellə bağlı qərarını verdi

Almaniya nəhəngi “Bayern”in rəhbərliyi əsas komandanın baş məşqçisi Tomas Tuxeli istefaya göndərmək fikrindən uzaqdır.

Arena.az xəbər verir ki, bu barədə nüfuzlu insayder Florian Plettenberq özünün “Twitter” hesabında məlumat yayıb.

Mənbədən alınmış məlumata görə, Münhen təmsilçisində Tuxelin komandanın sükanı arxasındakı gələcəyi müzakirə mövzusu deyil. Klub rəhbərliyi mütəxəssisə tamamilə etibar edir. Müşahidə Şurasının mayın 30-da keçiriləcək iclasında da klub rəhbərliyinin Tuxelin gələcəyi ilə bağlı hər hansı mövzu qaldırması nəzərdə tutulmayıb. Alman mütəxəssis komandasının bu mövsümdə heç bir titul qazanmadığı halda belə, vəzifəsində qalacaq.

Tuxel “Bayern”ə mövsümün gedişində gələrək kollektivə rəhbərliyi Yulian Nagelsmandan təhvil alıb. Tuxelin Münhen komandasına gəlişinə qədər “Bayern” bir oyunda belə, məğlub olmadan Çempionlar Liqasının 1/4 finalına vəsiqə qazanmışdı. Bununla yanaşı, komanda Almaniya kubokunun 1/4 finalına yüksələ bilmişdi. Bundesliqada isə Dortmund “Borussiya”sından şəxsi görüş ərəfəsində dörd xal geridə idi. Tuxelin gəlişi ilə münhenlilər Çempionlar Liqası və Almaniya kuboku ilə vidalaşıblar. Çempionatda isə sonuncu tur ərəfəsində dortmundlulardan iki xal geridə, ikinci sırada yer alıblar. “Borussiya” son turda qələbə qazansa, “Bayern”in çempionluq arzusu da gerçəkləşməyəcək.

Tomas Tuxelin klubla 2025-ci ilin 30 iyununa kimi müqaviləsi var. 49 yaşlı mütəxəss bu komandanı meydana çıxardığı 11 oyunda 5 qələbə qazanıb, 2 heç-heçə edib, 4 məğlubiyyətə üzülüb. Tuxel daha öncə İngiltərənin “Çelsi”, Fransanın PSJ, Almaniyanın “Borussiya” (Dortmund), “Maynts” və “Auqsburq” komandalarına da rəhbərlik edib.